Gürcüstan müxalifəti Avropa İttifaqına çağırış etdi

Gürcüstandakı parlament seçkilərində 5 faizlik baryeri keçmiş dörd müxalifət partiyası Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinə rəsmi məktubla müraciət edib.

Nov 18, 2024 - 12:02
Gürcüstan müxalifəti Avropa İttifaqına çağırış etdi

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə “Güclü Gürcüstan” partiyasının liderlərindən biri Salome Samadaşvili “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, müxaliflər nazirləri gürcü xalqının demokratiyanı xilas etmək üçün apardığı tarixi mübarizəni dəstəkləməyə çağırıblar.

“Aİ xarici işlər nazirləri Gürcüstanı müzakirə edəcəklər. Bu çox mühüm görüş gələcək üçün çox şeyi müəyyənləşdirəcək. Qalib gələn dörd partiya onlara birgə rəsmi və ətraflı məktubla müraciət etdilər. Biz onları gürcü xalqının ölkəmizdə demokratiyanı xilas etmək üçün apardığı tarixi mübarizəni dəstəkləməyə çağırdıq. Xalqın Rustavelidən eyni mesajı Avropaya eşitdirməsi vacibdir! Bizim sayımız çox olmalıdır!”, - deyə Savadaşvili vurğulayıb.

Qeyd edək ki, bu gün Aİ xarici işlər nazirləri Gürcüstanda parlament seçkilərindən sonra yaranmış vəziyyəti müzakirə edəcəklər. Görüşdən sonra Avropa İttifaqının vizasız rejimin dayandırılması prosesinə başlayacağı və Gürcüstan hökumətinin nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib-etməyəcəyi məlum olacaq.

Xatirə SADİQ