Gürcüstan müxalifəti yeni mitinq elan etdi  - "Daha dayanmaq olmaz"

Gürcüstan müxalifəti vətəndaşları bu gün Tiflisdə parlamentin yaxınlığında yeni etiraz aksiyası keçirməyə çağırıb.

Nov 29, 2024 - 12:21
Gürcüstan müxalifəti yeni mitinq elan etdi  - "Daha dayanmaq olmaz"

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “SOVA” portalı məlumat yayıb. 

“Birlik” koalisiyasının liderlərindən biri, “Aqmaşenebeli Strategiyası” partiyasının lideri Georgi Vaşadze bildirib ki, noyabrın 29-da yerli vaxtla saat 19:00-da parlamentin yaxınlığında yeni etiraz aksiyası toplanacaq.

Müxalifətçi qələbəyə qədər mübarizə aparmağa çağırıb: “Daha dayanmaq olmaz! Biz bu sistemə, bu qondarma, bizə  “Avropanı unut, Rusiya artıq buradadır!” elan edən rejimə təzyiq göstərməli və bu sistemi sındırmalıyıq”.
 
Bu gün Gürcüstan prezidenti Salome Zurabişvili polislərin etirazçıları hər yerdə təqib etdiyini diqqətə çatdırıb. “Gürcüstanda təhlükəsiz yer yoxdur: kilsə həyəti və ya aptek, robot polislər döymək və tutmaq üçün hər yerdə etirazçıları təqib edir. Rusiya hakimiyyəti, Rusiya metodları”, - deyə prezident “X” platformasında yazıb. 

Noyabrın 29-na keçən gecə Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Tiflisin mərkəzində hakimiyyətin Avropaya inteqrasiyanı dayandırmaq qərarına görə başlayan etiraz aksiyasını vəhşicəsinə dağıdıblar. Təhlükəsizlik qüvvələri etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
Bundan əlavə, etirazçıları kobud şəkildə saxlayıb, onları və KİV nümayəndələrini döyüblər. 

Etiraz aksiyası niyabrın 28-də axşam saatlarında Gürcüstanın baş naziri İrakli Kobaxidzenin brifinq keçirərək Aİ-yə daxil olmaq üzrə danışıqlar məsələsində fasilə elan etməsindən sonra başlayıb. Baş nazir deyib ki, Tiflis danışıqlara başlamaq məsələsini 2028-ci ilin sonuna qədər təxirə salacaq və 2030-cu ildə Aİ-yə daxil olacaq. Kobaxidze bu qərarı bəzi avropalı siyasətçilər və bürokratların Gürcüstan üçün həqarət sayılan “şantaj”la izah edib.

Xatırladaq ki, baş nazirin bəyanatından əvvəl Avropa Parlamenti oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrinin tanınmadığını bildirən sərt qətnamə qəbul edib. Strasburq beynəlxalq nəzarət altında Gürcüstanda yeni seçkilərin keçirilməsinə çağırıb. Avropa Parlamentinin deputatları həmçinin Aİ-ni “Gürcü arzusu”nun liderlərinə – oliqarx Bidzina İvanişvili, baş nazir İrakli Kobaxidze, partiyanın baş katibi, Tiflis meri Kaxa Kaladze və başqalarına qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırıb.

Xatirə SADİQ