Gürcüstanda etiraz aksiyası başladı
“Bu gündən Gürcüstan müxalifətinin aksiyaları gündəlik xarakter daşıyacaq”.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu “Dəyişikliklər uğrunda Koalisiya”nın liderlərindən biri olan Nika Melia Gürcüstan parlamentinin binası qarşısında keçirilən mitinqdə deyib.
Onun sözlərinə görə, onlar “rejimi devirəcək güclü etiraz hərəkatı” yaratmaq niyyətindədirlər. Sabah, noyabrın 5-də aksiya iştirakçıları Tbilisi İdman Sarayının önündə toplaşacaqlar.
“Hər gün küçədə olacağıq. Bizim sayımız o qədər çox olmalıdır ki, heç kim bura [parlamentə] girə bilməsin. Ancaq təkcə Rustavelidə dayanmaq kifayət deyil, biz bütün prospektlərdə dayanmalıyıq”, - deyə Melia vurğulayıb.
Gürcüstan KİV-I ehtimal edir ki, müxalifət şəhərin əsas nəqliyyat arteriyalarını bağlamağı planlaşdırır.
Xatırladaq ki, parlament seçkilərində 5 faizlik baryeri aşan 4 müxalifət partiyası bu gün Tbilisidəki parlament binasının önündə mitinqə başlayıb.
Xatirə SADİQ