Gürcüstanda prezident seçkiləri dekabrın 14-nə təyin olundu – Zurabişvili yola salınır 

“Gürcü arzusu”nun deputatları prezident seçkilərinin dekabrın 14-nə təyin edilməsi ilə bağlı qətnamə layihəsini dəstəkləyiblər.

Nov 26, 2024 - 13:29
Gürcüstanda prezident seçkiləri dekabrın 14-nə təyin olundu – Zurabişvili yola salınır 

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, İclasda iştirak edən 80 deputatın hamısı “lehinə” səs verib, əleyhinə səs verən olmayıb.

Qərara əsasən, prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.

Qanuna görə, prezident seçkiləri parlamentin ilk iclasından sonra 45 gün ərzində keçirilməlidir. 

Parlamentin spikeri Papuaşvili bu tələsikliyi konstitusiyanın mətni ilə izah edib. Onun sözlərinə görə, prezidentin 5 il müddətinə seçilməsi üçün həm seçkilərin, həm də andiçmə mərasiminin bu il baş tutması vacibdir. Əks halda bu müddət 6 il olacaq.

Bu arada “Gürcü arzusu” partiyasının icraçı katibi, deputat Mamuka Mdinaradze deyib ki, hakimiyyətdə olan partiya “99%” namizədlə bağlı qərar verib. Onun sözlərinə görə, komanda qərar verib ki, bu, “gürcü ürəkli və ruhlu” şəxs olmalıdır. 

Eyni zamanda, Mdinaradze partiyalarının təsisçisi fəxri sədri Bidzina İvanişvilinin prezident kürsüsünə iddia edəcəyini istisna edib.

Mtavari telekanalı xəbər verib ki, hakim partiya iki nəfər arasından prezidentliyə namizəd seçib. Bu, partiyanın sədri, keçmiş baş nazir İrakli Qaribaşvili və Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu, bu yaxınlarda Milli Parlament Kitabxanasına rəhbərlik edən Konstantin Qamsaxurdiyadır.

2018-ci ildə Salome Zurabişvili Gürcüstanın beşinci və sonuncu birbaşa seçilmiş prezidenti olub. Onun səlahiyyət müddəti dekabrın 16-da başa çatır.

Gürcüstanın yeni prezidenti ilk dəfə olaraq 300 nəfərdən ibarət kollegiya tərəfindən seçiləcək. Bunlar yeni parlamentin 150 deputatı və 150 regional nümayəndədir.

Xatirə SADİQ