Həmin gün Azadlıq meydanı bərq vururdu

Sanki dünən baş vermişdi. Amma üzərindən düz 33 il keçib. 

Oct 18, 2024 - 15:47
Həmin gün Azadlıq meydanı bərq vururdu

Həmin gün Bakının Azadlıq meydanı bərq vururdu. İnsanların sevinci okeana dönmüşdü, coşub daşırdı. 

18 Oktyabr – Azərbaycan tarixinin ən şərəfli, ən şanlı səhifələrindən biridir. Azərbaycanın Dövlət müstəqilliyinin bərqərar olduğu GÜNdür. Çox böyük, möhtəşəm GÜNdür. İndi onu Müstəqilliyin bərpası GÜNÜ kimi qeyd edirik.

Əgər 18 Oktyabr olmasaydı, 1994-cü ilin 20 Sentyabrı, 2020-ci ilin 8 Noyabrı, 2023-cü ilin 20 Sentyabrı da olmazdı. 
 
Onun gəlişi, daha doğrusu gətirilməsi elə də asan olmamışdı. Sovet imperiyasının ermənilərə satılmış başçısı Mixail Qorbaçovun böyük xəyanəti, sözün əsl mənasında, xalqımızın başında çatlamışdı. Hər bir Azərbaycan türkü, hər bir azərbaycanlı üçün müqəddəs olan Vətənimizin bir parçasının – Qarabağın bizdən alınıb, ermənilərə verilməsi kimi məkrli siyasət əli yalın, silahsız, ordusuz xalqımızı ayağa qaldırmışdı.

Qarabağda ermənilərin törətdikləri qanlı cinayətlər, azərbaycanlıların doğma yurdlarından qovulması prosesi gedirdi. Üstəlik Qorbaçovun faşistsayağı əmrindən sonra sovet qoşunları Bakıda qanlı 20 Yanvar qətliamı törətmişdilər. Dəhşətlisi o idi ki, yalnız Türkiyədən başqa səsimizə səs verən yox idi. İnformasiya blokadasına alınmışdıq.

Çox keçmədi, 20 Yanvar 1990-cı il faciəsindən 1 il 9 ay 17 gün sonra müstəqilliyimiz bərqərar olundu. 

Əslində müstəqilliyin bərqərar olması barədə qərar oktyabrın 16-da parlamentdə qəbul edildi, lakin onun elan edilməsi üçün 18 oktyabr seçildi.  

18 Oktyabr tarixində Bakının baş meydanı olan Azadlıq meydanında Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olmasına dair parlamentin qərarı oxunanda hər bir vətənsevərin qəlbindən tikan çıxırdı. 

“Biz bunu bacardıq!”, - deyə hər kəs bir-birini təbrik edirdi. 

Əlbəttə, meydandakılar da başa düşürdülər ki, çətin günlər hələ irəlidədir, müstəqilliyi qoruyub saxlamaq, onu möhkəmləndirmək asan məsələ deyildi. Tribunadan səslənən “yollarımız qızıldan olacaq” kimi absurd fikrə də inanan yox idi. Sadəcə, heç kim 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin kədərli taleyinin təkrar olunmasını istəmirdi. “Hər çətinliyə razıyıq, təki ölkəmiz müstəqil olsun, bir daha rus, fars işğalına məruz qalmayaq” sözləri tez-tez təkrarlanırdı həmin gün meydanda.  

Türkiyə ilk dövlət olaraq müstəqilliyimizi tanıdı. Ardınca Pakistan, İsrail, Rumıniya, ABŞ, Böyük Britaniya və digər dövlətlər əlimizi sıxdılar. 
 
İrəlidə isə bizi 20 Noyabr faciəsi, Xocalı soyqırımı, torpaqlarımızın 20 faizinin işğal edilməsi, 1 milyonadək qaçqınımızın yaşamaq hüququnun kobudcasına tapdalanması, minlərlə vətənsevərimizin şəhid, qazi olması gözləyirdi.Birinci Qarabağ müharibəsində məğlubiyyətimizin rəmzi olan Bişkek protokolu gözləyirdi. 

Şəhid olanlar arasında 18 Oktyabr tarixində Azadlıq meydanında toplaşan vətənsevərlər də vardı... 

Lakin öncə sovet, sonra isə indiki rus imperiyası bizi sındıra bilmədi. 

Azərbaycan adlı böyük məmləkət düz 33 ildir dünya okeanında üzür. Düz iki ildir 200 ildən bəri qaldıra bilmədiyimiz başımızı qürurla dikəltmişik.

Məgrur Azərbaycanımızın müstəqilliyi uğrunda həlak olan bütün şəhidlərimizin qarşısında baş əyirik! Ruhunuz şad olsun

Yaşasın, doğma, əziz, bağımsız, milli, müasir və demokratik Azərbaycan!   

Sən bizimsən, bizimsən durduqca bədəndə can, 
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

Xatirə SADİQ