"Hər şey küçələrdə həll olunacaq" - Saakaşvili gürcüləri fasiləsiz etirazlara çağırdı
Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili cəmiyyəti fasiləsiz etiraz aksiyalarına başlamağa çağırıb.
SAVASHMEDİA.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə eks-prezident “Facebook” səhifəsində açıq məktubda yazıb.
“Hər saat qiymətlidir! Vaxt itirmək ölümə bərabərdir!”, - deyə Saakaşvili bildirib.
Onun sözlərinə görə, Qərb tərəfdaşlarının reaksiyasına ümid etmək kifayət deyil: “Hər şey Gürcüstan küçələrində həll olunmalıdır”.
“Vəziyyəti sakitləşdirməyə çağırışlar birbaşa Rusiyanın işinə kömək edir", - deyə Saakaşvili xəbərdarlıq edib.
Xatırladaq ki, oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra müxalifət səslərin saxtalaşdırıldığını və nəticələri tanımadığını bəyan edib.
Ötən bazar ertəsi parlament qarşısında yeni seçkilərin keçirilməsi tələbi ilə müxalifətin böyük mitinqi olub. Bir neçə saat davam edən mitinq insidentsiz keçib. Yeni mitinqin təyin olunması ilə bağlı planlar elan edilməyib.
Müxalifət əlavə məsləhətləşmələr aparır və deyir ki, seçki saxtakarlığına dair sübutlar toplamaqla məşğuldur.
Hakim partiya buna cavab olaraq bildirir ki, müxalifət seçki saxtakarlığından danışmaqla öz məğlubiyyətinə haqq qazandırmağa çalışır.
Xatirə SADİQ