"Deyir, bir şəxsiyyət vəsiqəsi ilə..." - MSK ölkə prezidentini ittiham etdi
“Gürcüstan prezidenti elektron seçki texnologiyalarını diskreditasiya edir”.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbəbr verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) bəyanatında deyilir.
MSK hesab edir ki, prezidentin bu hərəkəti reallığın inkarından və siyasi maraqlara söykənərək ictimaiyyəti çaşdırmaq cəhdindən başqa bir şey deyil.
“Salome Zurabişvili ictimaiyyəti əmin edir ki, seçkilər “tamamilə saxtalaşdırılıb” və bunun üçün o, inanılmaz ittihamlar irəli sürür, məsələn, bir şəxsiyyət vəsiqəsi ilə bir neçə dəfə səsvermə keçirilib.
Amerikanın “PRO V&V” şirkətinin gəldiyi nəticə təsdiq edir ki, oktyabrın 26-da keçirilən seçkilərdə elektron texnologiyalardan istifadə edilərkən seçici siyahısında seçicinin dublikatını çıxarmaq mümkün deyil və bir seçici siyahıya yalnız bir dəfə daxil edilir. Beləliklə, bir şəxsiyyət vəsiqəsi ilə bir neçə dəfə səs vermək, bir neçə seçki məntəqəsində bir seçicini iki dəfə yoxlamaq və qeydiyyata almaq mümkün deyil.
Bununla bağlı heç bir sübutun olmamasına baxmayaraq, prezident əmin edir ki, saxtalaşdırmaya haqq qazandırmaq üçün texnologiyadan istifadə edilib. Və onun sözlərinə görə, o, bu barədə beynəlxalq media və müxtəlif ölkələrin yüksək səviyyəli rəsmiləri ilə geniş şəkildə danışır”, - deyə bəyanatda vurğulanıb.
MSK xatırladıb ki, texnologiyanın seçki prosesinə tətbiqi dünyanın 30-dan çox ölkəsində seçkilərin müasirləşdirilməsi təcrübəsi olan Smartmatic şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Seçki Komissiyası iddia edib ki, oktyabrın 26-da seçki texnologiyaları düzgün işləyib və prosesi müşahidə edən bütün beynəlxalq və yerli monitorinq təşkilatları, seçki subyektləri və KİV nümayəndələri buna əmindirlər.
Xatirə SADİQ