Həftəbecər – 8

Sankt-Peterburqda görünməmiş cinayət baş verdi. Onun təhqiqinə 3 istintaq qrupu, 1 prokuror briqadası cəlb edildi.

Jul 8, 2025 - 13:48
Həftəbecər – 8

* Onların köməyinə kinoloqlar, qrafoloqlar, proqramçılar, daktiloskopiya üzrə kriminalistlər, DNT identifikasiyası mütəxəssisləri, ekspertlər və çevik polis alayının avtomatçıları təqdim olundu. Moskvanın daxili işlər baş idarəsi ilə birgə səmərəli fəaliyyət nəticəsində cinayətkar elə Sankt-Peterburq şəhərində – xaricə qaçmaq və ya haradasa gizlənmək cəhdi göstərmədən saxlanıldı. Artıq ilk dindirmə də keçirilib. Sübut edilib ki, təqsirləndirilən şəxs həqiqətən bir neçə şübhəli rəngli təbaşirlə iki yerdə “Миру мир!” (“Dünyaya sülh!”) nalayiq sözlərini yazıb. Hələlik ona qarşı vandalizm maddəsi (214) ilə cinayət işi açılıb. Lakin prokuror ekstremizm və terrorizm ittihamını irəli sürür.

Yandı onun dədəsi!

 * İranın Rəşt şəhərindəki Arxeoloji muzeyin işçisi zibil qutularından birini 2600 il yaşı olan əntiq keramik qabla əvəz edib. Öz qəribə hərəkətini isə onunla izah edib ki, oğrular plastik və metal zibil qablarını götürüb apara bilərlər.

Lakin bu qayğıkeş işçiyə inanmayanlar da tapıldı. Direktor isə ona töhmət elan etdi.

 * Hollandiyalı rəssam Kes van Donget tez-tez arvadının portretlərini çəkirdi. Rəsmlərdəki xanım onun evindəki xanımdan yaraşıqlı çıxırdı. “Rəngkarlıq yalanın ən gözəl növüdür”. Bu sözlər məhz van Dongetə məxsusdur.

 * 2017-ci ildə Rusiyanın Həndbol federasiyası argentinalı başdanbəla futbolçu Diyeqo Maradonanı zarafatla doğum günü münasibətilə təbrik etdi. Həmin Maradonanı ki, futbol üzrə dünya çempionatında əl ilə qol vurduqdan sonra “Bu, tanrının əli idi” demişdi. Ona isə üstüörtülü şəkildə bildirdilər: “İndi ki, əl ilə qol vurmusan, demək həndbolçusan”.

 * Ötən müharibə zamanı Moskva metropoliteni mülki əhalinin bombardımanlardan müdafiə sistemində mühüm rol oynayıb. O dövrdə yerin altında 217 körpə dünyaya gəlmişdi.

 * Hər il dünyada “İlin sözü” müəyyən olunur. İlk dəfə belə “müsabiqə” Almaniya Federativ Respublikasında 1971-ci ildə keçirilib. O zaman “aufmüpfig” sözü qalib gəlib. Mənaca “inadkar”, “boyun əyməyən” deməkdir.

 * Amerikalı Con Kornren keçən əsrin ortalarında məktəb müəllimi idi və ictimaiyyət fənnindən dərs deyirdi. Bununla yanaşı, o, 20 il oxumağı və yazmağı bacarmayıb. Məktəbli ikən ev tapşırıqlarını yerinə yetirmək üçün sinif yoldaşı ilə razılığa gələrdi. Kollecdə yaxşı basketbol oynadığına görə müəllimləri qiymət yazırdılar.

 * Nikolay Qoqolun “Revizor” əsəri İranda fars dilinə tərcümə olunarkən ciddi reviziyaya – təftişə məruz qalıb. Məlum olduğu kimi, Xlestakov şəhər bələdiyyə başçısının qızına da, arvadına da yaxınlıq edirdi, bu isə İslam dünyasında böyük haram işdir və ölümlə cəzalandırılır. Vəziyyətdən çıxmaq üçün şəhər başçısının arvadının yerinə pyesə yeni personaj – ikinci bacı daxil olundu.

 * Bir dəfə fotoqraf dünya şöhrətli skripkaçı David Oystraxın musiqi aləti ilə şəklini çəkməli idi. Oystrax ondan gözləməsini xahiş edir, skripkanı sazlayır və deyir: “İndi çəkə bilərsiniz”.

 * Yerusəlim məbədinə bəxşiş kimi 7 növ bitki məhsulu gətirməyə icazə verilir: üzüm, əncir, nar, zeytun, palma xurması, buğda və arpa.

 * Kolorado böcəyi bostan bitkilərinin, xüsusilə kartofun qənimidir. Onun bədəni də zəhərlidir. Lakin sığırçın bu böcəyi iştahla və təhlükəsiz yeyir. Quşun orqanizmində zəhəri neytrallaşdıran ferment var.

 * 1969-cu ildə beysbol matçı zamanı meydançaya qara pişik çıxaraq “Chicago Cubs” komandasının idmançılarının qarşısından ağır addımlarla keçdi. Komanda həmin oyunda və növbəti bir neçə görüşdə məğlubiyyətə uğradı. Amerika bunu unutmayıb. Mövhumatçı nadanlar isə səbəbi məhz pişikdə, özü də onun rəngində görürlər.

 * 18 mart 2025-ci ildə Filip Kirkorov sosial şəbəkələrdə atası Bedrosun ölümü haqqında xəbər yayıb bildirdi: “Mən daha uşaq deyiləm”.

A.ƏZİZ