"Polislər qapını döyəndə onlara ilk cümləm..." - İmamoğluya görə saxlanılan məşhur aktyor
Türkiyənin tanınmış aktyoru, “Şakir Paşa ailesi: Mucizeler və Skandalların” “Cevat”ı Cem Yiyit Üzümoğlu “2 Aprel - istehlakçı boykotu”na dəstək verdiyi üçün saxlanıldığı anlardan danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, gənc aktyor boykota dəstək verməsinin səbəblərini açıqlayıb:
“Çox şey var. Qadın cinayətləri, uşaq ölümləri, iqtisadı çətinlik, müəllimlərin işsiz qalması, həkimlərin həddindən artıq çalışdırılması, incəsənətlə məşğul olmaq istəyənlərin sahə və maddi imkan tapa bilməməsi... Kimə toxunsan, dərdi var. Gəncindən yaşlısına, itindən pişiyinə bu ölkədə yaşayan hər kəsin dərdi çoxdur. Hər sahədə böyük problemlər var ikən, həll etmək əvəzinə vəziyyət daha da pisləşir və bunlara reaksiya vermək lazımdır. Aktiv sosial şəbəkə istifadəçisi olmasam da, hər zaman reaksiya vermişəm. Səbəblər bunlardır. Ədalətin sadəcə bir nəfərin istəyinə görə istifadə olunması qəbuledilməzdir. Saxlanıldığım müddətdə polislər də mənim kimi heç nə yemədilər. Mən acamsa, o da ac idi. Yəni məsələ sadəcə mən deyiləm. Mənim üçün məsələ həm də odur. Bir polis insana pis davranır deyə, mən niyə bütün polisləri qaralamalıyam? İnsan hüququ və şərəfi deyilən bir şey var.Bu məsələlərdir məni danışmağa məcbur edən. Uşaqlığımdan bəri müxalifəm”.
Cem Yiyit Üzümoğlu
Üzümoğlu saxlanıldığı zaman Atatürkü örnək aldığını qeyd edib:
“Saxlanılacağımı bilirdim. Polislərə qapını açanda ilk cümləm “mən də sizi gözləyirdim” oldu. Təbii ki, geyinib hazır gözləmirdim. Polisləri görəndə düşündüm ki, məni mütləq məhkəməyə də çıxaracaqlar, qəşəng geyinməliyəm.O an ağlımda ancaq Atatürkün geyim tərzi var idi. Onun geyim tərzi mənə həmişə möhtəşəm gəlib. Hər yerdə möhtəşəm və nizamlı olmaq. O mənada Atatürkü hər zaman örnək almışam. Kostyum geyinmədim, amma heç olmasa ağ köynək geyinməliyəm dedim və geyinib getdim”.
Üzümoğlu həbsə atılsa da doğru bildiyini hər zaman söyləyəcəyini bildirib:
“Həbs edilsəm də, edilməsəm də hər zaman haqsızlığa qarşı reaksiya verməyə davam edəcəyəm, əks təqdirdə mən özüm olmaram. Liderlik keyfiyyəti ilə bir şey etmək iddiasında deyiləm, amma bu mənim varlığım, kimliyimdir. Reaksiya verməliyəm. Yoxsa ölərəm”.
Qeyd edək ki, Üzümoğlu İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun həbsindən sonra başladılan aksiyalara və “2 Aprel-istehlakçı boykotu”na dəstək verdiyi üçün saxlanılıb və məhkəmənin nəzarəti altına verilmə və xaricə çıxış qadağası şərti ilə sərbəst buraxılıb.
Banu