Pişiklərə qazlı və mineral su vermək olarmı?
"Pişiklərə gündəlik içmək üçün adi, təmiz və qazsız su vermək kifayətdir. Onların daha sağlam olması üçün mineral su içməyə ehtiyac yoxdur".
SAVASHMEDİA.az xəbər verir ki, bunu baytarlıq elmləri doktoru Andrey Rudenko bildirib.
Onun sözlərinə görə, minerallaşma səviyyəsi aşağı olan qazsız su sağlam pişiklər üçün uyğundur. Lakin müalicəvi mineral suları baytarla məsləhətləşmədən heyvanlara vermək olmaz. Çünki belə suların tərkibində çoxlu natrium və digər minerallar ola bilər.
Ekspert bildirib ki, mineral suyun insan üçün faydalı olması onun pişiklərə də xeyir verəcəyi demək deyil. Bu heyvanların orqanizminin ehtiyacları fərqlidir.
Böyrək və sidik yolları xəstəliyi olan pişiklərə isə xüsusi diqqət göstərilməlidir. Belə heyvanlara veriləcək suyun seçimi baytarla müzakirə olunmalıdır.
Rudenko qazlı suyun da pişiklərə verilməsini məsləhət görmür. Bildirib ki, belə su heyvanlarda qarında köp və narahatlıq yarada bilər. Qabarcıqların yaratdığı hisslər pişiyi sudan uzaqlaşdıra da bilər.
Pişik təsadüfən qazlı sudan bir neçə qurtum içərsə və özünü normal hiss edərsə, narahatlığa ehtiyac yoxdur. Ancaq qusma, qarında köp və halsızlıq yaranarsa, baytara müraciət edilməlidir. Şirin qazlı içkilər, toniklər və enerji içkiləri isə pişiklərə qətiyyən verilməməlidir.
Baytarın sözlərinə görə, pişiklərin su qabı həmişə dolu olmalı, qablar mütəmadi yuyulmalı və su hər gün dəyişdirilməlidir. Heyvan qəfildən əvvəlkindən çox və ya az su içməyə başlayarsa, baytar müayinəsi vacibdir.
Banu