Zaur Mikayılovun oğlu özünə yeni biznes qurdu - HƏR SATIŞDAN KOMİSSİYA ALIR
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun oğlu Kənan Mikayılov özünə onlayn biznes platforması qurub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun sözlərinə görə, Kənan Mikayılov ötən il “Alvery.az” adlı onlayn ticarət platforması yaradıb. Platforma Azərbaycan biznesləri üçün onlayn mağazaların qurulması və idarə olunmasına imkan verən SaaS (xidmət kimi proqram təminatı) əsaslı e-ticarət sistemidir.
Cavanşir Həsənli qeyd edib ki, Zaur Mikayılovun oğlu atasının da təhsil aldığı Türkiyənin Boğaziçi Universitetinin məzunudur.
Jurnalistin paylaşdığı məlumatda bildirilir ki, “Alvery.az” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1507316841) Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində qeydiyyata alınıb.
Fotoda Kənan Mikayılov
Platformanın təqdim etdiyi xidmətlərdən istifadə etmək üçün aylıq abunə haqqı 39 manatdan 199 manatadək dəyişir. Bundan əlavə, hər satış əməliyyatı üzrə satış məbləğinin 0,5-2 faizi həcmində komissiya tutulur.
Jurnalist Kənan Mikayılovun biznes modelini şərh edərək onun digər məmur övladlarından fərqli olaraq, böyük ilkin kapital tələb etməyən və ictimai müzakirələrə səbəb olmayacaq biznes istiqaməti seçdiyini vurğulayıb.
Qeyd edək ki, Zaur Mikayılov 2023-cü ilin martından Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə rəhbərlik edir. O, 1999-cu ildə Boğaziçi Universitetinin Biznesin idarə olunması fakültəsini bitirib.
Oğuz