İranda müğənniyə 74 şallaq VURULDU - SƏBƏB

İranda müğənni Pərəstu Əhmədi və onun konsert komandasının dörd üzvünə 74 şallaq cəzası icra edilib.

Nov 24, 2026 - 11:10
İranda müğənniyə 74 şallaq VURULDU - SƏBƏB

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi və digər beynəlxalq media qurumları məlumat yayıb.

Məlumata görə, cəza noyabrın 23-də Qum şəhərində müğənni Pərəstu Əhmədi, musiqiçilər Soheil Fəqih-Nasiri, Amin Taheri, Əmirəli Pirnia və konsertin təşkilatçısı Möhsün Ləşkəri barəsində icra olunub. Bu barədə onların vəkili Mostafa Nili İranın Emtedad xəbər portalına bildirib.

Məhkəmə sözügedən şəxsləri internetdə əxlaqa zidd və nalayiq məzmun hazırlamaq və yaymaqda təqsirli bilib. Onların hər biri 74 şallaq cəzasına, iki il müddətinə musiqi və digər bədii fəaliyyətlə məşğul olmaq, eləcə də ölkədən çıxmaq qadağasına məhkum edilib.

İşin başlanmasına səbəb 2024-cü ilin dekabrında Pərəstu Əhmədinin YouTube kanalında yayımlanan konsert videosu olub. Qum yaxınlığındakı tarixi Dayr-Gəçin karvansarasında lentə alınan çıxış zamanı müğənni məcburi hicab qaydalarına əməl etmədən, kişi musiqiçilərin müşayiəti ilə mahnılar ifa edib.

Tamaşaçısız keçirilən və internet üzərindən yayımlanan konsert qısa müddətdə geniş maraq doğurub. Video milyonlarla baxış toplayıb.

Qeyd edək ki, İran qanunvericiliyinə əsasən, qadınlar ictimai yerlərdə hicab qaydalarına əməl etməlidirlər. Ölkədə qadınların kişi auditoriyası qarşısında solo oxumasına da məhdudiyyətlər tətbiq olunur.

İnsan hüquqları təşkilatları və Qərb ölkələri şallaq cəzasını işgəncə və beynəlxalq hüququn pozulması kimi qiymətləndirirlər. İran hakimiyyəti isə ölkənin insan hüquqları sahəsindəki vəziyyətinə dair beynəlxalq tənqidləri qəbul etmir.

Xatırladaq ki, Pərəstu Əhmədi 1997-ci ildə anadan olub. Müğənni 2024-cü ildə yayımladığı həmin konsertdən sonra İranın məcburi hicab qaydalarına etirazın simvollarından birinə çevrilib.

Aytən