"Mənim üçün çətindir, amma "Barselona"ya qol vurmaq olar" - Dambrauskas

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Barselona” ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib.

Nov 24, 2026 - 18:56
"Mənim üçün çətindir, amma "Barselona"ya qol vurmaq olar" - Dambrauskas

SAVASHMEDİA.az xəbər verir ki, litvalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

– Belə rəqiblə oyunda özünüzü göstərmək üçün nə etmək lazımdır?

– Oyundan zövq almalıyıq. Azərbaycana titullu rəqib gəlib. Belə bir komandanın zəif tərəflərini tapmaq mənim üçün çətindir. Sabahkı oyunda özümüzü göstərmək üçün yaxşı şansımız olacaq.

– Lamin Yamalın Bakıya gəlməməsini necə qarşıladınız?

– Azərbaycanlı azarkeşlərə görə bir qədər təəssüfləndim. O, dünyanın ən yaxşı futbolçularından biridir. Amma “Barselona”nın başqa superulduzları da var. Özümüzü ən yaxşı tərəfdən göstərmək üçün əlimizdən gələni edəcəyik.

– Komandanı belə oyunlara motivasiya etmək nə dərəcədə çətindir?

– Belə matçlara komandanı motivasiya etməyə ehtiyac yoxdur. Futbolçularımız uşaq olarkən Çempionlar Liqasında “Barselona” və “Real”a qarşı oynamağı arzulayırdılar. Komandanı belə görüşlərə hazırlamaq asandır. Hamı oynamaq və oyuna hazır olmaq istəyir.

– Bu oyun sizin üçün nə ifadə edir? Onu karyeranızın ən vacib matçı adlandırmaq olarmı?

– Xeyr, bu, karyeramın ən vacib oyunu deyil. Bu görüşdə bizdən heç nə tələb olunmur. Amma biz özümüzə qarşı tələbkarıq. Oyundan zövq almaq istəyirik. Bizi hamının xatırlayacağı möhtəşəm bir axşam gözləyir.

– “Barselona” qələbələr qazanmasına baxmayaraq, qollar da buraxır…

– Qol buraxmayan, qol vurmağın mümkün olmadığı komanda yoxdur. “Borussiya”ya qol vurmuşuq, digər komandalara da vura bilərik. “Barselona”ya qol vurmaq vacib olardı. Bu, bizi motivasiya edir.