İsrail və HƏMAS sülh planını imzaladılar - Donald Tramp
ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS arasında sülh planının birinci mərhələsi barədə müqavilənin imzalandığını bəyan edib.
SAVASHMEDIA.az xəbər verir ki, bu barədə Donald Tramp özünün “Truth” sosial şəbəkəsində yazıb.
“Mən qürurla bəyan edirəm ki, İsrail və HƏMAS bizim sülh planımızın birinci mərhələsini imzaladılar. Bu o deməkdir ki, BÜTÜN girovlar çox tezliklə azad olunacaq, İsrail isə öz qüvvələrini razılaşdırılmış xəttə çəkəcək, bu da möhkəm, davamlı və əbədi sülh yolunda ilk addım olacaq”.
Bütün tərəflərə “ədalətli yanaşacağını” vurğulayan ABŞ prezidenti Qətər, Misir və Türkiyədən olan vasitəçilərə “bu tarixi və misli görünməmiş hadisənin” əldə edilməsində oynadıqları rola görə təşəkkür edib.
İsrailin baş naziri Benyamin Netanyahu bu hadisəni “İsrail üçün qüdrətli gün” elan edib və bu gün hökuməti “müqaviləni təsdiqləmək və bütün girovları evlərinə qaytarmaq” üçün çağıracağını bildirib.
“İsrail hökuməti sazişi təsdiqlədikdən sonra girovlar 72 saat ərzində azad ediləcək. Gözlənilir ki, bu, bazar ertəsi günündən gec olmayaraq baş verəcək”, - deyə adının açıqlanmasını istəməyən amerikalı məmur “Axios” nəşrinə bildirib
Sazişin bağlanması üçün danışıqlar Misirdə aparılıb. Danışıqlarda ABŞ, İsrail və HƏMAS-ın nümayəndələri, Qətər, Misir və Türkiyədən vasitəçilər də iştirak edib. Vaşinqtonu Trampın xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner təmsil ediblər.
Xatirə SADİQ