Özbaşına maqnezium içənlərə XƏBƏRDARLIQ!

Maqnezium əzələlərin və sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. Lakin bu mineralı tibbi göstəriş olmadan qəbul etmək sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.

Nov 25, 2026 - 21:12
Özbaşına maqnezium içənlərə XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə kardioloq, tibb elmləri doktoru Aleksey Nikitin bildirib.

Həkimin sözlərinə görə, maqnezium qəbuluna ehtiyac olub-olmadığını müəyyənləşdirmək üçün əvvəlcə insanın şikayətləri və risk faktorları qiymətləndirilməli, daha sonra müvafiq analizlər aparılmalıdır.

O qeyd edib ki, maqneziumun sitrat, malat və bisqlisinat formaları orqanizm tərəfindən yaxşı mənimsənilir. Oksid forması isə daha zəif sorulur və işlədici təsir göstərə bilər.

Mütəxəssis bildirib ki, böyüklərin gündəlik maqnezium ehtiyacı yaş və cinsdən asılı olaraq 310-420 milliqram arasında dəyişir. Bu əlavələrin yemək zamanı və ya yeməkdən sonra qəbulu, gündəlik dozanın isə bir neçə hissəyə bölünməsi tövsiyə olunur.

Nikitin xəbərdarlıq edib ki, maqneziumun normadan artıq qəbulu ürəkbulanma, ishal və spazmlara səbəb ola bilər. Böyrək xəstəliyi olanlar, həmçinin antibiotik və ürək dərmanları qəbul edənlər bu əlavələrdən istifadə edərkən xüsusilə diqqətli olmalıdırlar.

Həkim maqnezium ehtiyacını qida vasitəsilə də qarşılamağın mümkün olduğunu bildirib. Bunun üçün qoz-fındıq, tumlar, göyərti, paxlalılar və tam taxıllı məhsulların istehlakı tövsiyə edilir.

Banu