Rusiya yuxu cihazını təqdim etdi - “Clary Luna”

Rusiyada yuxu keyfiyyətini yaxşılaşdırmaq və dərman qəbul etmədən rahatlamaq üçün nəzərdə tutulan yeni cihaz təqdim edilib.

Nov 25, 2026 - 22:17
Rusiya yuxu cihazını təqdim etdi - “Clary Luna”

SAVASHMEDİA.az xəbər verir ki, “Neiry” şirkətinin hazırladığı “Clary Luna” adlı qurğu sol qulağa taxılır və azan siniri (vagus) zəif elektrik impulsları vasitəsilə stimullaşdırır.

İstehsalçının məlumatına görə, cihaz parasimpatik sinir sisteminə təsir göstərərək orqanizmin gərginlikdən çıxmasına, sakitləşməsinə və bərpa vəziyyətinə keçməsinə kömək edir. Prosedur ağrısızdır. İstifadə zamanı qulaqda yüngül qarışqa gəzməsi hissi və ritmik pulsasiya yaranır.

“Neiry Wellness” şirkətinin məhsul direktoru Aleksandr Belousov bildirib ki, insanın yuxuya getməsi üçün yatağa uzanması kifayət etmir. Orqanizm gün ərzində topladığı gərginlikdən azad olmalı və bərpa rejiminə keçməlidir. Onun sözlərinə görə, azan sinirin stimullaşdırılması bu prosesə təsir göstərir.

Şirkət iddia edir ki, metod 800-dən çox elmi nəşrdə araşdırılıb, onunla bağlı 300-dən artıq klinik sınaq qeydə alınıb.

Plasebo ilə aparılan araşdırmalardan birində yuxusuzluqdan əziyyət çəkən hər 10 iştirakçıdan 7-si stimulyasiya kursundan sonra yuxu keyfiyyətinin ən azı iki dəfə yaxşılaşdığını bildirib. Bildirilib ki, əldə olunan nəticə üç aya qədər davam edib. Digər araşdırmada isə stimulyasiyadan keçən şəxslərdə çətin vəziyyətlər zamanı stress hormonu olan kortizolun səviyyəsinin iki dəfə aşağı olduğu müəyyənləşdirilib.

Banu