Siqaret çəkməyin hamilələrə daha bir zərəri AÇIQLANDI

Siqaret çəkmək hamiləliyin ilk həftələrindən etibarən plasentanın fəaliyyətini pozur və gələcəkdə uşağın sağlamlığı üçün təhlükəli proseslərə səbəb olur.

Nov 25, 2026 - 22:25
Siqaret çəkməyin hamilələrə daha bir zərəri AÇIQLANDI

SAVASHMEDİA.az xəbər verir ki, bu qənaətə Almaniyanın Maks Delbrük Molekulyar Tibb Mərkəzi və Charité klinikasının alimləri gəliblər.

Nəticələri “Cell Systems” elmi jurnalında dərc olunan araşdırma çərçivəsində hamiləliyin ilk trimestrində siqaret çəkən və çəkməyən qadınların plasentaları müqayisə edilib, 88 mindən çox hüceyrə təhlil olunub.

Müəyyən edilib ki, siqaret tüstüsünün təsirindən ən çox iki növ hüceyrə zərər görür. Ana qanı ilə təmasda olan trofoblast hüceyrələrində plasentanın quruluşunu və qida maddələrinin daşınmasını təmin edən genlərin fəaliyyəti pozulur. Bu hüceyrələrdə mitoxondrilərin sayının artması da müşahidə edilib. Alimlər bunu siqaretin yaratdığı oksidləşdirici stresslə əlaqələndirirlər.

Bundan başqa, plasentada yerləşən Hofbauer immun hüceyrələrinin daha aktiv və iltihaba meyilli olduğu müəyyənləşdirilib. Siqaret çəkən qadınlarda qanın laxtalanma prosesinin güclənməsi də qeydə alınıb. Bu vəziyyət dölə qan axınını zəiflədə bilər.

Plasentadan əldə edilən və siqaret tüstüsünə məruz qoyulan hüceyrələr üzərində aparılan laboratoriya təcrübələri də bu nəticələri təsdiqləyib.

Tədqiqatın müəlliflərindən Florian Herze hamilə qadınlara siqaretdən mümkün qədər tez imtina etməyi tövsiyə edib. Onun sözlərinə görə, araşdırmanın nəticələri plasentada yaranan problemləri erkən mərhələdə müəyyənləşdirməyə kömək edəcək biomarkerlərin hazırlanması üçün də imkan yaradır.

Banu