Makron Suriyaya sanksiyaların ləğvini və lobbiçiliyi vəd etdi
Fransa iyun ayında Avropa İttifaqını (Aİ) Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağıracaq.
SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Suriyanın müvəqqəti prezidenti Əhməd Əl-Şaraa ilə Paris görüşündə deyib.
Makron qeyd edib ki, beynəlxalq ictimaiyyət Suriyanın iqtisadi vəziyyətini yüngülləşdirməyə borcludur.
“Mən prezidentə dedim ki, əgər o, öz kursunu davam etdirsə, biz də eyni cür hərəkət edəcəyik. Biz məhz ilk növbədə Avropa sanksiyalarını tədricən ləğv edəcəyik, sonra isə amerikalı tərəfdaşlarımızın bu məsələdə yardım etməsi lobbilik edəcəyik”, - deyə Makron əlavə edib.
Sonra o, nəzərə çatdırıb ki, iyunun 1-də Aİ sanksiyalarının ləğvini təklif edəcək. Həmin gün Aİ-nin Suriyaya tətbiq etdiyi sanksiyaların müddəti bitir.
Əhməd Əl-Şaraa bildirib ki, sanksiyalar uzun müddət müzakirə etdikləri maneədir.
“Mən bütün fəsadları və təsirləri izah etdim. Dedim ki, sanksiyalar əvvəlki rejimə qarşı tətbiq edilib və heç nə onların davam etdirilməsinə haqq qazandırmır”, - deyə Suriya lideri vurğulayıb.
Aİ-nin Suriya ilə bağlı siyasətində dəyişiklik 2024-cü ilin dekabrında orada Bəşər Əsəd rejiminin devrilməsindən sonra başlayıb. Yanvarda Aİ Suriya iqtisadiyyatının bir neçə əsas sektoruna qarşı sanksiyaları ləğv etməyə razılaşıb. Martın 17-də Suriya üzrə Brüsseldə keçirilən doqquzuncu konfransın iştirakçıları ölkəyə dəstək üçün ümumilikdə 5,8 milyard avro ayıracaqlarına söz veriblər.
Xatirə SADİQ