Hər yeni doğulmuş uşağa 1000 avro veriləcək – Latviyada

2025-ci il yanvarın 1-dən Latviyanın Yurmala bələdiyyəsi şəhərin hər yeni doğulmuş sakininə 1000 avro ödəyəcək.

Dec 4, 2024 - 14:45
Hər yeni doğulmuş uşağa 1000 avro veriləcək – Latviyada

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “DELFİ” portal məlumat yayıb. 

Məlumata görə, bu Latviyada doğuşa görə ən böyük müavinət olacaq. Müavinəti 2025-ci il yanvarın 1-də və ya ondan sonra doğulmuş uşağın valideynləri, qəyyumları və ya övladlığa götürənlər ala biləcək. Bunun üçün həmin şəxsin uşağın doğulmasından 12 ay əvvəl yaşayış yeri Yurmalada bəyan edilməlidir. 

2024-cü ildə Yurmalada uşağın doğlması üzrə müavinət 500 avro təşkil edirdi və ilin əvvəlindən 440-dan çox sakin onu alıb. Yeni doğulanlara qulluq müavinəti isə Jurmala Şəhər Şurasının uşaqlı ailələrə verdiyi müavinət növlərindən biridir.

Bundan başqa, Yurmala sakinləri bir yaş yarımdan uşaqlar, 25 yaşa qədər məktəblilər və tələbələr (əyani təhsil alanlar) üçün təhsil prosesini dəstəkləmək üçün illik 100 avro müavinət alırlar.

Yurmala bələdiyyəsi pulsuz şəhər və məktəb avtobusları, Riqaya pulsuz qatar səfərləri təşkil edir. Uşaq bağçalarında və 12-ci sinfə qədər məktəblərdə bütün uşaqlar üçün pulsuz nahar verilir.

Çoxuşaqlı ailələr üçün mədəni, idman və maarifləndirici tədbirlərdə iştirak etmək üçün güzəştlər nəzərdə tutulur.

Yurmala tibbi xidmətin əlçatanlığını artırmaq üçün yaşlı insanlara müavinətlər ödəyir. 2025-ci il yanvarın 1-dən bu müavinətin məbləği ildə 200 avro olacaq. 2024-cü ildə bu məbləğ 150 avro idi. 

Yurmala ölkədə yeganə bələdiyyədir ki, təqaüdçülərə tibbi yardım üçün belə imtiyazlar verir.

Xatirə SADİQ