Hindistan Rusiya neftini problemsiz əvəzləyəcəyini vəd edir

Rusiyadan gələn tədarüklərin ikinci dərəcəli sanksiyalara məruz qalacağı təqdirdə, Hindistan öz neft ehtiyacını alternativ mənbələrdən ödəyə biləcəyinə əmindir.

Jul 17, 2025 - 15:54
Hindistan Rusiya neftini problemsiz əvəzləyəcəyini vəd edir

SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Hindistanın neft naziri Hardip Singh Puri bildirib.

Nazirin sözlərinə görə, Hindistan Rusiyadan idxalla bağlı istənilən problemin öhdəsindən başqa ölkələrdən tədarük əldə edə biləcək. O, bazarda Qayana kimi çoxlu yeni tədarükçülərin meydana çıxdığını, həmçinin Braziliya və Kanada da daxil olmaqla, mövcud istehsalçılardan əlçatan təkliflər olduğunu vurğulayıb.

“Mən qətiyyən narahat deyiləm. Əgər bir şey olarsa, biz bunun öhdəsindən gələcəyik. Hindistan tədarük mənbələrini şaxələndirib və biz tədarükçü ölkələrin sayını təxminən 27-dən 40-a qədər artırmışıq”, - deyə Puri əlavə edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bazar ertəsi Moskvanın Kiyevlə 50 gün ərzində atəşkəs əldə etmədiyi təqdirdə Rusiya ixracatının alıcılarını sanksiyalarla hədələyib.

“Reuters” diqqətə çatdırıb ki, yanvar-iyun aylarında Rusiya Hindistanın ən böyük neft tədarükçüsü olaraq qalıb və bütün idxalın təxminən 35%-ni təşkil edib. Ondan sonra İraq, Səudiyyə Ərəbistanı, BƏƏ və ABŞ gəlir.

Xatirə SADİQ