"Hörmətli hökumət, gördünüzmü?" - İqtisadçı özəl sektordakı ixtisarlardan DANIŞDI

"Özəl sektordakı bu azalma təsadüfi deyil və əvvəlcədən proqnozlaşdırılırdı"

Apr 15, 2026 - 12:58
Apr 15, 2026 - 13:05
"Hörmətli hökumət, gördünüzmü?" - İqtisadçı özəl sektordakı ixtisarlardan DANIŞDI

İqtisadçı Natiq Cəfərli SAVASHMEDİA..az-a açıqlamasında ölkədə məşğulluq göstəricilərindəki son dəyişiklikləri şərh edib.

Onun sözlərinə görə, 2026-cı ilin fevralın 1-i ilə müqayisədə martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin ümumi sayında cüzi artım qeydə alınıb:

“Rəsmi statistikaya əsasən, muzdla çalışanların sayı 1 milyon 782 min nəfərdən 1 milyon 784 min nəfərə yüksələrək təxminən 0,1% artıb. Lakin bu artımın strukturu daha vacib məsələdir”.

İqtisadçı qeyd edib ki, artım əsasən dövlət sektorunun hesabına baş verib:

“Dövlət sektorunda çalışanların sayı 861,4 min nəfərdən 870,6 min nəfərə çataraq təxminən 1,1% artım göstərib. Bu isə o deməkdir ki, məşğulluqdakı ümumi artımın əsas mənbəyi məhz dövlət sektorudur”.

Natiq Cəfərli bildirib ki, qeyri-dövlət sektorunda isə əks tendensiya müşahidə olunur:

“Özəl sektorda çalışanların sayı 920,6 min nəfərdən 913,4 min nəfərə enib, yəni təxminən 0,8% azalma var. Bu artıq narahatedici siqnaldır və bazarda mənfi tendensiyanın başladığını göstərir”.

Onun fikrincə, bu vəziyyət əvvəlcədən proqnozlaşdırılmışdı:

“Hörmətli hökumət, biz hələ ötən ilin sonunda xəbərdarlıq edirdik ki, özəl sektorda bu il 3%, gələn il 5%, 2028-ci ildə isə 7% gəlir vergisinin tətbiqi onsuz da çətin vəziyyətdə olan sahibkarlığa əlavə yük yaradacaq. Nəticədə işəgötürənlər ixtisarlara getməyə məcbur olacaqlar”.

İqtisadçı hökumətə çağırış edərək vurğulayıb:

“Artıq görürük ki, proses başlayıb və özəl sektor işçi ixtisarlarına gedir. İndi sual yaranır – 3% vergi artımından əldə olunan gəlir, minlərlə vətəndaşın işsiz qalması ilə müqayisədə nə dərəcədə effektivdir? Bu məsələyə yenidən baxmaq lazımdır”.

Oğuz
SAVASHMEDİA.az