“İlham Əliyevin Qarabağı qaytarması bizim üçün parlaq nümunədir” – Dmitri Qordon 

Ukraynanın tanınmış jurnalisti Dmitri Qordon Baltikyanı ölkələrin Rusiya enerji sistemindən çıxmasına münasibət bildirərkən Azərbaycanın da şimal ölkəsindən uzaqlaşdığına diqqət çəkib. 

Feb 10, 2025 - 20:40
“İlham Əliyevin Qarabağı qaytarması bizim üçün parlaq nümunədir” – Dmitri Qordon 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Qordon “Youtube” kanalında jurnalist həmkarı Qolovanova verdiyi müsahibədə danışıb. 

“2013- 2014-cü illərdə Maydan hərəkatı başlayanda dedim ki, bu, sovet rejimi ilə son vidadır. Mən səhv etdim. Ukraynanın sovet hakimiyyəti ilə son vidası bu dəhşətli, amansız müharibə, Ukraynaya genişmiqyaslı təcavüz oldu. Bu, Ukraynanın sovet keçmişi ilə tamamilə qırılmasının təsdiqidir”, - ukraynalı jurnalist vurğulayıb. 

Qordon hesab edir ki, Rusiyanın Ukrayna torpaqlarını işğal etməsi bir sıra digər keçmiş sovet respublikalarını da bu ölkənin orbitindən tam qopmağa sövq etdi: “Çünki NATO və Aİ-yə artıq qəbul olunmuş ən yaxın dostlarımız və tərəfdaşlarımız olan Latviya, Litva, Estoniya belə, hələ də görünməz göbək bağları ilə Rusiya ilə əlaqədə qalmışdılar. Və yalnız onun enerji sistemindən tam ayrıldıqdan sonra, nəhayət, həmin bağları qopardılar”.

Bu məqamda Qordon Azərbaycanla Rusiya arasında baş verənlərdən danışıb: “Baxın, bu gün Azərbaycanda nələr baş verir? Azərbaycan Rusiyanın təsir dairəsindən çıxır. Görün, Ermənistana nə baş verir? Ermənistan çıxıb gedir. Onlar bir-birini öldürmək əvəzinə, bu gün faşist Rusiyasının təcəssüm etdirdiyi mənfur sovet rejimindən əl-ələ verib birlikdə ayrılmağa qərar verdilər”.

Qolovanov “Siz qeyd etdiniz ki, Azərbaycan Rusiyadan qopur. Burada bir neçə səbəb var...” deyərkən Qordon onun sözünü yarıda kəsir: “Çıxıb gedir, qopmur, çıxıb gedir”

Həmkarı “Birincisi, Bakıda “Russki dom” bağlanır...” dedikdə Qordon yenə də müdaxilə edir: “Siz bilirsinizmi, keçmiş sovet respublikalarında “Rus evləri” nə deməkdir? Bu, kəşfiyyat mövzularıdır”. 

Qolovanov davam edir: “Üstəlik, Azərbaycan Ukraynaya milyon dollarlıq humanitar yardım ayırır. Bəli, kimsə deyə bilər ki, iri ölkə üçün milyon dollar o qədər də böyük pul deyil. Amma burada rəmzilik çox mühümdür. Yəni, bu yaxınlaradək Əliyev Putinlə görüşürdü, onun əlini sıxırdı, bu gün isə Ukraynaya milyon dollar ayırır. Bu, mühüm siqnaldır. Üçüncüsü isə, təyyarə qəzası məsələsidir. Bu mövzudan əl çəkməyəcəklər. İndi beynəlxalq tribunalla hədələyirlər. Bakı, Azərbaycan və Əliyev Rusiyanı tərk edir”.

Qordon bu fikrə cavab olaraq “Şərq incə məsələdir” məsəlini xatırladıb. “Hətta çox incə məsələdir deyərdim. Təbii ki, İlham Əliyev sovetlərin caynaqlı qucağından geri çəkilməyə çoxdan başlayıb. Çünki indiki Rusiya sovetlərin ən pis təzahürüdür. Mən bunu şüurlu şəkildə deyirəm. Çünki Brejnev dövrünün Sovet İttifaqı o qədər də qaniçən və faşist deyildi. Hərçənd onu sevmirdim. Amma o, belə deyildi”. 

Qordon diqqətə çatdırıb ki, Brejnevdən söz açmağı təsadüfi deyil, çünki Heydər Əliyevdən danışmaq istəyir. “İlham Əliyev Heydər Əlirza oğlu Əliyevin oğludur. Heydər Əlirza oğlu nəinki Azərbaycan Prezidenti kimi fəaliyyət göstərdi və müstəqil Azərbaycanın qurulmasında xidmətləri olan görkəmli siyasi xadim oldu. O, həm də sovet dövründə Azərbaycan KP MK-nın birinci katibi, sonra isə səhv etmirəmsə, Sov.İKP-nin Siyasi Bürosunun üzvlüyünə namizəd, SSRİ baş nazirinin birinci müavini olub. Heydər Əliyev ən ağıllı, ən müdrik insan idi. Onunla ünsiyyəti, dostluğu, tanışılığı olan çox adamlarla söhbət etmişəm. Dost olmaq xöşbəxtliyinə  nail olduğum böyük Müslüm Maqomayev və onun heyrətamiz həyat yoldaşı və müğənni Tamara Sinyavskaya Heydər Əliyev haqqında mənə çox şey danışırdılar. Onunla həm Bakıda, həm də Moskvada ünsiyyətdə olan adamlar da danışırdılar. Heydər Əliyev nadir, tarixi şəxsiyyətdir”.  

O, bildirib ki, İlham Əliyev məhz belə parlaq şəxsiyyətin oğludur.

Qordon xatırladıb ki, İlham Əliyev və onun xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Moskvada ali  təhsil alıblar: “Onlar savadlı insanlardır, Avropa təhsilli insanlardır. Və əlbəttə, İlham Əliyev başa düşməyə bilməzdi ki, Azərbaycanın Rusiya orbitində qalması ölkənin dövlətçiliyi üçün fəlakətlidir”.
 
“Məgər MDBMİ tələbələrlə işləmir, onları Rusiyanın xeyrinə gələcək əməkdaşlığa cəlb etmirdi?” sualına Qordon belə cavab verib: “Cavab verəcəyəm. Sovet dövrünün MDBMİ və KBMİ-i partiya işçilərinin və DTK-nın ən yüksək rütbəli övladları və qohumları istisna olmaqla, demək olar ki, bütün tələbələri bu işə cəlb edirdilər. Mixail Saakaşvilinin KBMİ-də təhsil alsa da, casusluğa cəlb olunmaması onunla əlaqədar idi ki, babası DTK-nın generalı olmuşdu. Eyni məsələ İlham Əliyevə də aiddir. Bu DTK üçün riskli addım olardı. Heydər Əliyevin oğlunu öz sıralarına cəlb etmək cəhdi tamamilə mümkün deyildi. Bunlar yazılmamış qaydalardı. Bəlkə də yazılı qaydalar idi, bilmirəm”.

Qordon sonra Prezident İlham Əliyevin müstəqil Azərbaycan dövləti üçün gördüyü işlərə diqqəti cəlb edib: “İlham Əliyev nə etdi? O, artıq tarixi şəxsiyyətdir. Birincisi, o, məharətlə Türkiyə və Böyük Britaniya ilə əlaqə yaratdı. Türkiyə və Böyük Britaniyanın Azərbaycanda çox böyük maraqları var. Sonra sakitliklə yavaş-yavaş ölkəsini və ordusunu Rusiyanın köməyi ilə işğal olunmuş Dağlıq Qarabağın geri qaytarılmasına hazırladı. Mən təkrar söyləmək istəyirəm: Qarabağın Azərbaycanın tərkibinə qaytarılması tarixi ədalətdir. Çünki SSRİ süqut edəndə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-nin tərkibində idi”. 

O, bildirib ki, vilayətin əhalisinin əksəriyyətini ermənilər təşkil etməsi, SSRİ və Rusiya ermənilərlə azərbaycanlılar arasında ədavəti qızışdıması nə qədər həqiqətdirsə, İlham Əliyevin güclü ordu qurması da bir o qədər həqiqətdir: “Bu, həqiqətdir ki, İlham Əliyev parlaq ordu qurdu və bu ordu onlara silah verən türklərlə, israillilərlə əməkdaşlıq edərək Qarabağı qaytardı. Bizim üçün bu, parlaq nümunədir”.     

O, qeyd edib ki, ona görə də hesab edir ki, bu yaxınlaradək Putinin əlini sıxan, onunla qucaqlaşan, hətta Moskvada keçirilən hərbi paraqlarda iştirak etməyə məcbur olan İlham Əliyev bütün dünyaya Şərq diplomatiyasının nümunəsini nümayiş etdirib. 

“Budur, mən bilirəm sən kimsən, sənin əlini sıxıram, amma sabah onu tutmayacağam və səndən uzaqlaşacağam. Və İlham Əliyevin Rusiya ilə bağlı açıqlamalarının kəskin tonu ondan xəbər verir ki, qərar qəbul edilib. Çıxıb getmək prosesi gedir. Bu, mənim fikrimdir, amma “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin aviaqəzası Azərbaycanın Rusiyadan çıxıb getməsi üçün səbəb oldu və prosesi sürətləndirdi”. 

Qolovanov: “Son damla...”

Qordon: “Belə olur. Əbədi dalaşmaq üçün səbəb lazımdır. Mərhum Yan Petroviç Tabaçnik (Ukraynanın xalq artisti) gözəl insan idi. Sərt, barışmaz xasiyyəti vardı, ədaləti sevirdi, ədalətsizliyi görəndə, sadəcə, partlayırdı. Bir dəfə ona dedim: “Yan Petroviç, icazə verin, bu adamla sizi barışdırım. Dedi: niyə, onunla güc-bəla ilə küsmüşəm (Gülür). Burada da eyni hekayədir. Azərbaycan güc-bəla ilə ayrılır”.

Xatirə SADİQ