Ermənilər Kərkinin Azərbaycana qaytarılmasını istəmir – 80 FAİZ ETİRAZ ETDİ

Azərbaycanın Ermənistan ərazisində yerləşən anklavı olan Kərki kəndi ilə bağlı Ermənistanda keçirilən sorğunun nəticələri gözlənilməz olub.

Sep 28, 2026 - 20:48
Ermənilər Kərkinin Azərbaycana qaytarılmasını istəmir – 80 FAİZ ETİRAZ ETDİ

SAVASHMEDİA.az xəbər verir ki, “Gallup International”ın Ermənistan filialının keçirdiyi sorğuda respondentlərin 80 faizi Kərkinin (ermənilər “Tiqranaşen” deyir -red) Azərbaycana verilməsinin əleyhinə çıxıb.

Respondentlərin 59 faizi Kərkini erməni yaşayış məntəqəsi hesab etdiyini və Ermənistan hakimiyyətinin onu Azərbaycana təhvil vermək hüququnun olmadığını bildirib.

21 faiz isə Kərkini strateji əhəmiyyətli ərazi hesab edib və onun Azərbaycana verilməsinin Ermənistan üçün strateji təhlükəsizlik riskləri yaradacağını deyib.

Kərkinin Ermənistan ərazisi olmadığını və Azərbaycana təhvil verilməli olduğunu düşünənlərin payı isə cəmi 6,4 faiz təşkil edib. 

Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan da Kərkini Ermənistan ərazisi hesab etmədiyini bildirib. O, sentyabrın 11-də jurnalistlərlə söhbətində Kərkinin Azərbaycana verilməsinə imkan verməyəcəyini deyənlərin müharibəyə çağırış etdiyini söyləyib.

Sorğunun nəticələri göstərir ki, Ermənistan hakimiyyətinin Kərki ilə bağlı açıqlamaları ilə erməni cəmiyyətinin bu məsələyə münasibəti arasında ciddi fərq mövcuddur.

Səlcuq