İşçisi ilə eşq yaşadığına görə işdən çıxarılan məmurdan NAZİRƏ MƏKTUB - MƏTN
DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyevin işdən çıxarılması ətrafında yaranan qalmaqal davam edir.
SAVASHMEDİA.az xəbər verir ki, iş yoldaşı ilə sevgi münasibətləri yaşadığı iddia edilən Hacıyev əmək və əhalinin sosial müdafiəsi naziri, DOST Agentliyinin Müşahidə Şurasının sədri Anar Əliyevə açıq məktub ünvanlayıb.
Məlumata görə, evli olan Teymur Hacıyev tabeliyində çalışan L.İ. adlı xanımla münasibətdə olub. Tərəflər ayrıldıqdan sonra onun münasibətləri bərpa etməyə çalışdığı, xanım əməkdaşın rəhbərliyə şikayətindən sonra isə daxili araşdırma aparıldığı bildirilir. İddialara əsasən, hər iki əməkdaşın işdən azad edilməsi barədə qərar qəbul olunub.
Teymur Hacıyev isə açıq məktubunda barəsində aparılan xidməti araşdırmanın nəticələri ilə razılaşmadığını bildirib. Onun sözlərinə görə, 2026-cı ilin sentyabrında başlanan araşdırma zamanı bütün izahatları və müdafiə arqumentlərini təqdim edib. Hacıyev iddia edir ki, araşdırma nəticəsində ona qarşı irəli sürülən ittihamlar təsdiqini tapmayıb.
O, noyabrın 4-də və 5-də öz ərizəsi ilə işdən ayrılması üçün təzyiqlərlə üzləşdiyini, əks halda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam veriləcəyi barədə xəbərdarlıq edildiyini qeyd edib.
Müraciətində Əmək Məcəlləsinin 186, 187, 70 və 71-ci maddələrinə istinad edən Hacıyev intizam tənbehinin tətbiqi müddətlərinin və işdən çıxarılma üçün tələb olunan hüquqi şərtlərin pozulduğunu düşünür.
İki övlad atası olduğunu bildirən keçmiş əməkdaş ailəsinin sosial vəziyyətinin də nəzərə alınmasını istəyib. O, övladlarından birinin autizm spektr pozuntusu ilə əlaqədar xüsusi təhsil və davamlı reabilitasiyaya ehtiyac duyduğunu vurğulayıb.
Hacıyev nazir Anar Əliyevdən araşdırmanın nəticələrinin, təqdim etdiyi sübutların və işdən çıxarılması qərarının hüquqi əsaslarının yenidən, hərtərəfli və obyektiv araşdırılmasını xahiş edib.
NAZİRLİKDƏN AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, Teymur Hacıyevin şikayəti araşdırılıb və onun fəaliyyətində ciddi nöqsanlar təsdiqini tapıb. Bu səbəbdən işdən azad edilməsi barədə qərar qəbul olunub.
Oğuz