“Azəriqaz” işçilərinin maaşı niyə verilmir? - Azər Məmmədova İTTİHAM

“Azəriqaz” İstehsalat Birliyində əməkhaqlarının vaxtında ödənilmədiyi bildirilir.

Nov 12, 2026 - 23:38
“Azəriqaz” işçilərinin maaşı niyə verilmir? - Azər Məmmədova İTTİHAM

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı məlumat yayıb.

O, “Azəriqaz” İB-nin rəhbəri Azər Məmmədovu ölkə qanunvericiliyini pozmaqda ittiham edib.

Mirvari Qəhrəmanlı paylaşımında qurumun əməkdaşlarından birinin şikayətinə istinad edib.

Şikayətçi bildirib ki, noyabrın 12-si olmasına baxmayaraq, işçilərin əməkhaqları hələ də ödənilməyib. Onun sözlərinə görə, maaşlar ayın əvvəlində müvafiq portalda görünsə də, hesablara köçürülməyib.

“Rejimlərə nəzarət və dispetçer şöbəsi”nin əməkdaşı olduğunu bildirən şəxs fəhlələrin də maaş ala bilmədiyini qeyd edib. O, əməkhaqlarının hər ay gecikdiyini, əvvəlki aylarda ödənişlərin ayın 5-7-də ödənildiyini, bu dəfə isə noyabrın 12-dək ödənişlərin həyata keçirilmədiyini iddia edib.

Məsələ ilə bağlı “Azəriqaz” İB-nin mövqeyini də dərc etməyə hazırıq.

Səlcuq