"İlon, bəlkə biznesini bağlayıb evinə, Cənubi Afrikaya qayıdasan?" - Tramp
Amerikalı milyarder İlon Mask yenidən Trampın vergi qanun layihəsini tənqid edib və yeni partiya yaratmağa çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İlon Mask “X” sosial şəbəkəsində yazıb.
“Borc tavanını rekord 5 trilyon dollar həddinə yüksəldən bu qanun layihəsi üzrə ağılsızcasına xərclənmədən aydın olur ki, biz birpartiyalı dövlətdə yaşayırıq”, - deyə milyarder vurğulayıb.
Amerikalı milyarder Trampın qanun layihəsinə səs verən Konqres üzvlərini də hədələyib. “Seçkiqabağı kampaniya dövründə hökumət xərclərini azaltmağı vəd edən və sonra tarixdə dövlət borcunun ən böyük məbləğdə artırılmasına dərhal səs verən hər bir Konqres üzvü utanc içində başını aşağı salmalıdır! Hətta Yer üzündə görəcəyim son iş olsa belə, onlar gələn il praymerizdə uduzacaqlar”, - deyə Mask xəbərdarlıq edib.
Mask əlavə edib ki, sözügedən qanun layihəsi qəbul olunarsa, ertəsi gün əslində xalqın qayğısına qalan “Amerika” Partiyası yaradılacaq. “Bizim ölkəmizdə demokrat və respublikaçı partiyadaşlarına alternativ lazımdır ki, xalq həqiqətən də söz sahibi olsun”, - deyə milyarder bildirib.
May ayınadək prezident komandasında yer alan Maskın tənqidinə Donald Trampın cavabı gecikməyib.
“İlon bəlkə də, tarixdə hər kəsdən daha çox subsidiya alır və onlarsız o, yəqin ki, biznesini bağlamalı və evinə, Cənubi Afrikaya qayıtmalı olardı. Artıq heç bir raket buraxılışları, peyklər və ya elektrikli avtomobil istehsalı lazım deyil və ölkəmiz çoxlu pula qənaət edərdi. Bəlkə DOGE-dən bunu yaxşı nəzərdən keçirməsini xahiş etməliyik? Qənaət edə bilmək üçün böyük pullardır!”, - deyə ABŞ prezidenti “Truth Social”da yazıb.
Qeyd edək ki, ABŞ Senatı prezident Donald Trampın vergilərin və dövlət xərclərinin 4,5 trilyon dollar azaldılmasına dair qanun layihəsini dəstəkləyib. Trampın “böyük və gözəl” adlandırdığı sənəd prezidentlə Mask arasında münaqişəyə səbəb olub. Həmin mübahisə zamanı Musk yeni partiya yaradıb-yaratmayacağına dair “X” platformasında sorğu keçirdi.
Xatirə SADİQ