İran BMT-yə müraciət etdi 

İran BMT Təhlükəsizlik Şurasını İsraillə vəziyyətə müdaxilə etməyə və regionda genişmiqyaslı müharibənin qarşısını almağa çağırıb. 

Oct 2, 2024 - 10:03
İran BMT-yə müraciət etdi 

SAVASHMEDİA.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasına və BMT baş katibi Antonio Quterreşə ünvanladığı məktubunda yazıb.

İranın daimi nümayəndəsi İsrailin Livandakı hərəkətlərini pisləyib: “İsrailin Beyrutdakı hücumları açıq-aşkar terror aktıdır və regional və qlobal sülhə ciddi təhdiddir”.

Ölkəsinin İsrailə hücumuna haqq qazandıran diplomat qeyd edib ki, BMT Nizamnaməsinə uyğun olaraq İran özünümüdafiə məqsədi ilə İsraildəki hərbi və təhlükəsizlik obyektlərinə raket hücumları həyata keçirib.

İrəvani bildirib ki, bu hücumlar İsrailin “təcavüzkar hərəkətlərinə” – Livanda peycerlərin partlamasına, “Hizbullah” lideri Həsən Nəsrullanın və iranlı general Abbas Nilforuşanın Beyrutda öldürülməsinə cavabdır.
Xatırladaq ki, İran oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. Təxminən bir saatdan sonra hücum başa çatıb. İlkin məlumatlara görə, hücum zamanı bir nəfər - üzərinə raket parçası düşmüş fələstinli həlak olub. İsrailin müxtəlif bölgələrində də yüngül xəsarət alanların olduğu bildirilir.

Xatirə SADİQ