İran şahı və arvadı ölkədən belə qaçıb: "Məzuniyyətə gedirik, qayıdacağıq" - NADİR VİDEO
İrandakı etirazlar ABŞ-də mühacir həyatı yaşayan sonuncu İran şahının oğlu Rza Pəhləvinin siyasi gündəmə dönüşü ilə müşahidə olunur.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Rza Pəhləvi özünü üsyanın lideri kimi təqdim etsə də, onun bütün İran xalqı tərəfindən qəbul edilmədiyi faktdır.
Bununla belə, Rza Pəhləvini hazırda İran inqilabının üzdə olan ən parlaq ideoloqu saymaq olar. Onun Ağ Ev-də prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla gizli görüşü də Pəhləvi faktorunun önəmindən xəbər verir.
Bütün bunlar isə Pəhləvilərlə bağlı informasiyalara marağı artırıb. Xüsusilə maraq doğuran məqamlardan biri isə sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin devrilməsi və ölkədən hansı şəraitdə qaçması ilə bağlıdır.
SAVASHMEDİA.az bu marağı nəzərə alaraq sonuncu İran şahının son günü ilə bağlı tarixi faktları təqdim edir. Beləliklə...
1979-cu il İran İslam İnqilabının kulminasiya nöqtəsi idi. Şahın hakimiyyətdə olduğu sonuncu gün isə rəsmi olaraq 16 yanvar 1979-cu il sayılır.
Nə baş verdi?
1978-ci ilin sonlarında ölkə boyu kütləvi etirazlar, tətil dalğaları və toqquşmalar davam edirdi. Şah faktiki olaraq hakimiyyətə nəzarəti itirmişdi.
Məzuniyyət adı ilə qaçış: 16 yanvar səhəri Şah və həyat yoldaşı Fərəh Diba “müvəqqəti istirahət və müalicə” bəhanəsi ilə ölkəni tərk etdiklərini elan etdilər.
Rəsmi səlahiyyət ötürülməsi: Şah hakimiyyəti müvəqqəti olaraq baş nazir Şapur Bəxtiyara buraxdı, lakin bu hökumət cəmiyyət tərəfindən qəbul edilmədi.
Mehrabad hava limanı: Cütlük Mehrabad hava limanından ölkədən ayrıldı. Tehranda və digər şəhərlərdə insanlar bunu şah rejiminin sonu kimi qeyd etdilər.
16 yanvar 1979 - Məhəmməd Rza Pəhləvinin İranı birdəfəlik tərk etdiyi, Pəhləvi monarxiyasının isə praktiki olaraq sona çatdığı gündür.
Məhəmməd Rza Pəhləvi 27 iyul 1980-ci ildə İslam İnqilabından sonra sürgün həyatı yaşadığı Misirdə 60 yaşında vəfat etdi. Ölüm səbəbi kimi xərçəng xəstəliyi göstərilib.
İran şahı Məhəmməd Rza Pəhləvi və həyat yoldaşı, hazırda ABŞ-də yaşayan Fərəh Pəhləvinin İranı tərk etməsinə dair nadir videonu təqdim edirik:
Oğuz