İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini "sel apardı" - Başlarına "daş düşdü"
Yağan intensiv yağışlardan sonra ölkənin bir sıra yaşayış məntəqələrində ciddi problemlər ortaya çıxdı.
Problem ilk saatlarda özünü yağış və sel formasında göstərsə də, sonradan işıq, qaz və su çətinliklərinə çevrildi. Belə ki, yaşayış məntəqələrinin kommunal təminatında ciddi problemlər yarandı.
"Sel imtahanı"ndan keçə bilməyən qurumların başında isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gəlir. Təmtəraqlı və uzun adın arxasında gizlənməyə çalışan qurum rəsmiləri sözün əsl mənasında "yezid rolu" oynadı.
Sumqayıt şəhərinin bir hissəsinin 3 gündür susuz qalması isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əslində heç bir fövqalədə vəziyyətə hazır olmadığını göstərdi.
Təsəvvür edin, ölkənin ikinci şəhəri günlərdir susuz qalıb, amma adını tələffüz edəndə adamın nəfəsi kəsilən qurum heç bir iş görmür və ya görə bilmir.
Problem isə çox sadədir, sən demə, Sumqayıt şəhərini içməli su ilə təchiz edən magistral su xəttində intensiv yağışlardan sonra bulanıqlıq əmələ gəlib. Bəli, verilən rəsmi açıqlamaya görə, problem bundan ibarətdir. Amma düz 3 gündür ki, qurum suyun bulanıəqlığını təmizləyə bilmir.
İstefa verin, cənablar. Siz bu işi bacarmırsınız!
Bu qabiliyyətlə sizin yola salınacağınız gün uzaqda deyil. Amma suyun verilişini təmin edin ki, siz gedəndə arxanızca atmağa su tapaq.
Oğuz