İspaniyadakı daşqınlar 62 nəfərin həyatına son qoydu

İspaniyanın cənub-şərqindəki Valensiya regionunda baş vermiş daşqınlar nəticəsində ən azı 62 nəfər həlak olub. 

Oct 30, 2024 - 16:44
İspaniyadakı daşqınlar 62 nəfərin həyatına son qoydu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun rus xidməti məlumat yayıb. 

Məlumatda deyilir ki, çərşənbə axşamı yağan güclü yağışların sabəb olduğu daşqınları fırtınalı külək müşayiət edib.

Sosial şəbəkələrdə rayon sakinlərinin sel sularından xilas olmaq üçün ağaclara dırmaşması, eləcə də yanğınsöndürənlərin insanları su basmış avtomobillərdən çıxarmağa kömək etməsinin görüntüləri yayılıb. 

Valensiya regional lideri Karlos Meyson mətbuat konfransında bildirib ki, bəzi su basmış ərazilərə getmək hələ mümkün deyil. 

Xilasetmə işlərinə hərbi fövqəladə hallar bölməsi cəlb olunub. Daşqına ən çox məruz qalmış bölgələrdə məktəblərin və əsas xidmətlərin işi dayandırılıb, Madrid və Barselonaya qatar reysləri ləğv edilib.

Xatırladaq ki, Valensiyada sonuncu böyük daşqın 2023-cü ilin sentyabrında olub. O zaman İspaniyadakı fəlakət nəticəsində, ən azı, üç nəfər həlak olmuşdu.

Xatirə SADİQ