İsrail Ağ Evə xəbərdarlıq etdi - “İranla bağlı hazırıq…”
ABŞ-nin rəsmi nümayəndələri İsrailin yaxın zamanda İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olduğu barədə məlumat alıblar.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə CBS News bir sıra amerikalı məmura istinadən məlumat yayıb.
Mənbələr İsrailin hücumunun miqyasının əhatə dairəsinə və ya hansı məqsədlərə xidmət edəcəyinə aydınlıq gətirməyiblər, lakin İranın ABŞ-nin qonşu İraqdakı obyektlərinə cavab verə biləcəyini vurğulayıblar.
“New York Times” qəzeti yazıb ki, iranlı hərbçilər və hökumət məmurları İsrailin potensial zərbəsinə cavab vermək üçün artıq plan hazırlayıblar. Bu, “yüzlərlə” ballistik raketdən istifadə etməklə yəhudi dövlətinə əks-zərbəni əhatə edə bilər.
İranın müdafiə naziri Əziz Nəsirzadə təhdid edib ki, İsrailin hücum edəcəyi təqdirdə ABŞ-nin Yaxın Şərqdəki bütün hərbi bazalarına hücumlar olunacaq.
Bu təhdid fonunda ABŞ Dövlət Departamenti İraq, Küveyt və Bəhreyndəki səfirliklərdən diplomatların qismən təxliyə olunmasını elan edib, Pentaqon isə hərbçilərin ailələrinə Yaxın Şərqdəki dislokasiyalarını könüllü şəkildə tərk etməyə icazə verib.
ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında gərginliyin artması səbəbindən bəzi amerikalı hərbçilərin Yaxın Şərqdən çıxarılmasını təsdiqləyib. “[Yaxın Şərq] təhlükəli yer ola bilər. <…> Biz geri çəkilmək əmrini vermişik və nə baş verəcəyini görəcəyik”, - deyə Tramp bildirib.
O, əlavə edib ki, İranın nüvə silahına malik olmasına imkan verməyəcək.
CBS telekanalının məlumatına görə, artan gərginliyə baxmayaraq Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff nüvə danışıqlarının altıncı raundu çərçivəsində iyunun 15-də İran nümayəndələri ilə görüşməyi planlaşdırır.
Xatirə SADİQ