Respulikaçıların səbri daşdı - Müdafiə naziri sıxışdırıldı
ABŞ Konqresində 11 iyun tarixində baş tutan müdafiə büdcəsinə dair dinləmələr zamanı respublikaçı senatorlar müdafiə naziri Pit Heqseti tənqid atəşinə tutublar.
SAVASHMEDİA.az bu barədə “Politico” nəşrinə istinadən xəbər verir.
Nəşrin yazdığına görə, buna səbəb Donald Tramp administrasiyasının Rusiya ilə təmasları gücləndirərək Ukraynadakı müharibəni bitirmək istəyi olub. “Politico” hesab edir ki, Respublikaçılar Partiyasının sıralarında “parlaq ideoloji parçalanma” getdikcə daha aydın görünür.
Dinləmələr zamanı respublikaçı senator Mitç Makkonnell xüsusilə sərt mövqe tutub. Qeyd edək ki, o, əvvəllər Heqsetin təyinatına qarşı çıxış edən üç respublikaçıdan biri olub.
Senator Makkonnell bu dəfə Ağ Evin xarici siyasətini açıq şəkildə şübhə altına alıb. “Ortada Amerikanın nüfuzu məsələsidir. Biz müttəfiqlərimizin demokratiyalarını avtoritar təcavüzkarlardan müdafiə etməyə hazırıqmı?”, - deyə o, sual edib.
Makkonnell xəbərdarlıq edib ki, Ukraynanın müharibədə məğlub olması Amerika diplomatiyasının məğlubiyyəti ola bilər. “Biz bir gün oyanıb sərlövhələrdə “Rusiya qalib gəldi, Amerika uduzdu” yazısını görmək istəmirik. Əgər biz dünyada Konqres üzvlərinin əksəriyyətinin hələ də oynamalı olduğumuza inandığı rolu oynamağa bundan sonra da davam edəcəyiksə, bu, çox vacibdir”, - senator vurğulayıb.
Sonra senator dörd ilə yaxındır davam edən Ukrayna-Rusiya müharibəsi ilə bağlı Heqsetə bir neçə fundamental sual verib.
“Təcavüzkar kimdir?” sualına Heqset belə cavab verib: “Rusiya təcavüzkardır”.
Lakin nazir “kimin qələbəsini görmək istərdi” sualına birbaşa cavabdan yayınıb və Trampın sülh yolu ilə nizamlanmaya can atdığı barədə bəyanatla kifayətlənib.
Hegset həmçinin Barak Obama və Co Bayden administrasiyalarını “Rusiyaya qarşı səmərəsiz siyasətdə” və Ukraynaya hərbi yardımı gecikdirməkdə ittiham edib. O, xatırladıb ki, məhz onların hakimiyyəti dönəmində Krımın ilhaq olunub və genişmiqyaslı təcavüz başlanıb.
“Politico” yazır ki, Makkonnellin müdafiə naziri ilə dialoqu Respublikaçılar Partiyası daxilində xarici siyasətlə bağlı dərin fikir ayrılıqlarının üzə çıxdığı nadir andır. Makkonnell Ronald Reyqanın siyasəti ruhunda ABŞ-nin qlobal liderliyi ideyasına əsaslanan Respublikaçılar Partiyasının ənənəvi qanadını təmsil edir. Heqset isə milli maraqların üstünlüyünə və “Amerika hər şeydən ucadır” şüarına diqqət yetirən trampist yanaşmanı təcəssüm edir.
Maraqlıdır ki, Rusiyanın təcavüzkar olduğunu etiraf edən Pit Heqset Senatdakı dinləmələr ərəfəsində Nümayəndələr Palatasında çıxış edib və Ukrayna üçün Amerika silahlarının alınmasını nəzərdə tutan Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) proqramı çərçivəsində xərclərin azaldılmasını elan edib.
Bu zaman o, Donald Tramp administrasiyasının münaqişəyə “tamamilə fərqli baxış”a malik olduğunu vurğulayıb: “Biz hesab edirik ki, xüsusən də çoxsaylı qlobal çağırışlar nəzərə alınmaqla, danışıqlar yolu vasitəsilə sülh nizamlanması həm Ukraynanın və Rusiyanın, həm də ABŞ-nin maraqlarına cavab verir”.
Xatirə SADİQ