“Ukrayna Rusiyanı ötüb keçəcək” - Scott Bessent
“Ukrayna iqtisadiyyatı yaxın iyirmi ildə Rusiyanın iqtisadiyyatını keçə bilər”.
SAVASHMEDİA.az “Bloomberq” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Scott Bessent Konqresdəki dinləmələr zamanı bildirib.
Müasir dünyada iqtisadi təhlükəsizliyin hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi olduğunu vurğulayan Bessentin sözlərinə görə, həm özü, həm də ABŞ prezidenti Donald Tramp əmindirlər ki, xarici təhdidlərə qarşı “sabit Ukrayna iqtisadiyyatı uzunmüddətli perspektivdə ən yaxşı müdafiə olacaq”.
“İnanıram ki, iyirmi ildən sonra effektiv idarəetmə, strateji tərəfdaşlıq – məsələn, Ukrayna və ABŞ arasındakı kimi – və qlobal sərmayə axını ilə Ukrayna iqtisadiyyatı Rusiyadan daha böyük ola bilər. Bu, mənim fikrimcə, gələcəkdə Rusiyanı idarə edəcək şəxslər üçün ciddi çəkindirici amil olacaq”, - deyə maliyyə naziri əlavə edib.
O, xatırladıb ki, Berlin divarının yıxılmasından sonra Polşa və Ukraynanın iqtisadiyyatları təxminən eyni səviyyədə olsa da, hazırda Polşanın ÜDM-i Ukraynanınkından üç dəfə çoxdur.
Nazir diqqətə çatdırıb ki, yaxın vaxtlarda Romada Ukraynanın bərpasına həsr olunmuş böyük beynəlxalq konfrans keçiriləcək və ölkəsi Dünya Bankını öz səylərini bu proses üzərində cəmləməyə çağırır.
Bessent ayrıca qeyd edib ki, Rusiya hərbi maşınına birbaşa və ya dolayısı ilə – silah, pul və ya hərbi resurslarla dəstək verən ölkələr Ukrayna iqtisadiyyatının bərpasında iştiraka iddia edə bilməyəcəklər.
“Bir ölkəni dağıda, onun vətəndaşlarını öldürə, həyatını məhv edə və sonra onun bərpasından qazanc əldə etməyi nəzərdə tutmaq olmaz”, - deyə Bessent yekunlaşdırıb.
Xatirə SADİQ