Rusiyanın Saratovdakı neft bazasına zərbələr endirildi

Ukrayna gecə saatlarında Saratov vilayətinin Engels şəhərindəki hərbi aerodromu təchiz edən Rusiya neft bazasına zərbələr endirib. 

Jan 8, 2025 - 17:44
Rusiyanın Saratovdakı neft bazasına zərbələr endirildi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna ordusuna istinadən “Amerikanın səsi” məlumat yayıb. 

Məlumata görə, Rusiyanın strateji bombardmançılarının yerləşdiyi “Engels-2” aerodromunu yanacaqla təmin edən “Kristall” neft anbarında çoxsaylı partlayışlar və böyük yanğın baş verib.

“Neft bazasına zərbə Rusiya işğalçılarının strateji aviasiyasında ciddi logistika problemləri yaradır, onların Ukraynanın mülki şəhərlərinə və mülki obyektlərinə zərbələr endirmək imkanlarını əhəmiyyətli dərəcədə azaldır”, - Ukrayna ordusunun “Telegram”da verdiyi bəyanatda deyilir.

Ukrayna prezidentinin müşaviri Aleksandr Kamışin bildirib ki, hərbçilər hücum zamanı Ukrayna istehsalı olan uzaqmənzilli silahlardan istifadə ediblər.

Çərşənbə günü səhər saatlarında Rusiyanın yerli hakimiyyət orqanları bildiriblər ki, Ukrayna pilotsuz təyyarələrinin hücumu Saratov vilayətindəki sənaye obyektində böyük yanğına səbəb olub. 

“Hava Hücumundan Müdafiə Qüvvələri PUA-nı vurub. Engelsdəki sənaye obyektinə qalıqlar dəyib”, - deyə vilayət qubernatoru Roman Busargin “Telegram”da yazıb. 

Lakin Busargin hansı müəssisəyə hücum edildiyinə aydınlıq gətirməyib.

Xatirə SADİQ