Paris diplomatlarını Suriyaya göndərir
Fransa diplomatları son 12 ildə ilk dəfə Suriyaya səfər edəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu məlumat yayıb.
Dörd fransalı diplomatın çərşənbə axşamı Suriyaya gözlənilən səfəri barədə bazar günü Fransanın xarici işlər naziri Jan-Noel Barro açıqlama verib.
“Radio France Internationale”in xəbərinə görə, qrupa Suriyanın yeni hakimiyyət orqanları ilə ilkin əlaqələrin qurulması və əhalinin təcili humanitar ehtiyaclarının qiymətləndirilməsi tapşırılacaq.
Fransalı nazir İordaniyada Suriyada keçid dövrünə həsr olunmuş toplantıda iştirak edib. Burada ABŞ, Türkiyə, bir sıra Avropa ölkələrinin və ərəb dünyasının nümayəndələri də iştirak ediblər.
Fransanın xarici işlər naziri bildirib ki, Suriya ilə münasibətlərin normallaşması onun yeni hakimiyyətinin siyasətindən asılı olacaq. “Biz Dəməşqdəki yeni hakimiyyətə sadəlövh yanaşmırıq, biz bu islamçı qrupların bəzilərinin keçmişi haqqında bilirik”, - deyə Barro vurğulayıb.
Onun sözlərinə görə, Suriyadakı hakimiyyət ölkənin bütün əhalisini təmsil etməlidir və keçid dövrü son nəticədə azad seçkilərlə başa çatmalıdır.
Nazir nəzərə çatdırıb ki, beynəlxalq ictimaiyyət insan hüquqlarına hörmət ediləcəyi, terrorizmə, xüsusən də “İslam Dövləti” qruplaşmasına qarşı mübarizənin davam etdiriləcəyi təqdirdə keçid hakimiyyəti ilə münasibətləri quracaq.
Fransa hökuməti həm də Suriyada diplomatik obyektlərin mülkiyyət hüququnu bərpa edilməsinə hazırlaşır.
Xatırladaq ki, Fransa 2012-ci ilin martında ölkədə geniş repressiyaların və vətəndaş müharibəsinin başlanmasından sonra Suriyadakı səfirliyini bağlamışdı.
Bu ərəfədə isə artıq Türkiyə öz səfirliyinin Dəməşqdə fəaliyyətini bərpa edib.
Xatirə SADİQ