Konqresmen İvanişvilinin Britaniyadakı ortaqlarını təhdid etdi

Amerikalı konqresmen Co Uilson gürcü oliqarxı və “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvilinin ortaqları olan Britaniya vətəndaşlarını və qurumlarını ABŞ-nin təkrar sanksiyaları ilə hədələyib.

Jan 28, 2025 - 07:44
Konqresmen İvanişvilinin Britaniyadakı ortaqlarını təhdid etdi

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə konqresmen “X” platformasında yazıb. 

Konqresmen gürcü oliqarxının öz pullarını Böyük Britaniyada saxladığına diqqəti cəlb edib.

“ÇKP-nin (Çin Kommunist Partiyası – red.) ortağı Bidzina İvanişvili oğurladığı pulları Böyük Britaniyada saxlayır. Bizim ingilis dostlarımız İvanişvilinin onların maliyyə sistemlərini istismar etməsinə dözməyəcəklər. Amerika Londonda onun sərvətlərini idarə edənlərə və qurumlara qarşı təkrar sanksiyalar tətbiq etməklə kömək edə bilər. Tramp hər şeyi yoluna qoyacaq”, - deyə konqresmen vurğulayıb. 

Gürcüstan mediası qeyd edib ki, Amerikanın Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməsindən sonra Böyük Britaniya da analoji tədbirləri nəzərdən keçirir. Artıq oliqarxın aktivlərinin dondurulması ilə bağlı İcmalar Palatasına müraciət edilib. Qərar müsbət olarsa, sanksiyalar uzun illər aktivlərini idarə etmək üçün ofşor şirkətlərdən istifadə edən “Gürcü arzusu”nun yaradıcısının bütün biznes imperiyasına təsir edəcək.

Xatırladaq ki, ABŞ-nin Maliyyə Nazirliyi gürcü oliqarxına qarşı sanksiyalar tətbiq etməsini onun Rusiya maraqları çərçivəsində hərəkət etməsi ilə izah edib. 

Xatirə SADİQ