Kopenhagen hərəkətə keçdi – Qrenlandiyanın müdafiə xərcləri artırıldı

Danimarka hökuməti Qrenlandiya üçün müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırdığını açıqlayıb.

Dec 25, 2024 - 11:19
Kopenhagen hərəkətə keçdi – Qrenlandiyanın müdafiə xərcləri artırıldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. 

“BBC” yazır ki, bu, ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Arktika ərazisini əldə etmək istəyini təkrarlamasından bir neçə saat sonra baş verib. 

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, müdafiə paketi kronla iki rəqəmli milyard məbləği və ya, ən azı, 1,5 milyard dollar təşkil edir. Nazir elanın istehzalı vaxtda baş verdiyinə də diqqəti çəkib. 

Poulsenin sözlərinə görə, bu paket iki yeni yoxlama gəmisi, iki yeni uzun mənzilli dron və iki əlavə it qoşumu komandası almağa imkan yaradacaq. Paket həmçinin paytaxt Nuukdakı Arktika Komandanlığında ştatın artırılması və Qrenlandiyanın üç əsas mülki hava limanından birinin F-35 qırıcılarını idarə etmək məqsədilə təkmilləşdirilməsi üçün maliyyələşdirməni nəzərdə tutur.

“Biz uzun illər Arktikaya kifayət qədər sərmayə qoymamışıq, indi mövcudluğumuzu gücləndirməyi planlaşdırırıq”, - deyə nazir əlavə edib. 

Müdafiə naziri paketin dəqiq məbləğini açıqlamasa da, Danimarka KİV-ləri bunun əxminən 12-15 milyard kron olacağənə ehtimal edib. 

Qeyd edək ki, Trampın “Truth Social” sosial şəbəkəsində paylaşdığı “Amerika Birləşmiş Ştatları bütün dünyada milli təhlükəsizliyi və azadlığı təmin etmək üçün Qrenlandiyaya sahiblik və nəzarətin mütləq zərurət olduğuna inanır” şərhinə Qrenlandiyanın baş naziri Mute Egede belə cavab verib: “Biz satılmırıq”. 

Baş nazir əlavə edib ki, qrenlandiyalılar, özəlliklə də qonşuları ilə əməkdaşlığa və ticarətə açıq qalmalıdırlar.

Danimarkanın muxtar ərazisi olan Qrenlandiya böyük mineral və neft ehtiyatlarına malikdir. Bu ada Amerikanın əsas kosmik obyektinə ev sahibliyi edir və Avropaya ən qısa yolda yerləşdiyi üçün ABŞ üçün strateji əhəmiyyət kəsb edir.

Xatirə SADİQ