Kreml Kiyevə hücumu “hərbi məqsədlərə zərbə” adlandırdı

Rusiya hərbçiləri Ukraynadakı “hərbi məqsədlərə” zərbələr endirməkdə davam edir. 

Apr 24, 2025 - 15:02
Kreml Kiyevə hücumu “hərbi məqsədlərə zərbə” adlandırdı

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov aprelin 24-nə keçən gecə Kiyevə hücumu şərh edərkən deyib. 

Bu cür zərbələrin münaqişənin sülh yolu ilə həlli prosesinə necə təsir edə biləcəyi sualına Rusiya prezidentinin mətbuat katibi belə cavab verib: “Ukrayna tərəfi təbliğatını davam etdirir. Hərbçilərimiz xüsusi hərbi əməliyyatı davam etdirirlər. Bilirsiniz ki, Pasxa atəşkəsi vardı, o bitdi”

Peskov iddia edib ki, Ukrayna dəfələrlə atəşkəs rejimini pozub.

“Hazırda hərbçilərimiz Ali Baş Komandanın qarşısına qoyduğu tapşırıqları yerinə yetirməkdə davam edir və bu çərçivədə hərbi və hərbətrafı məqsədlərə zərbələr endirməkdə davam edirlər”, - deyə o, yekunlaşdırıb.

Xatırladaq ki, Ukrayna tərəfinin verdiyi məlumata görə, bu gecə Rusiyanın Kiyevə hücumu nəticəsində paytaxt sakinlərinin 10 nəfəri həlak olub, 70-dən çoxu yaralanıb. 

Bundan başqa, Rusiya ordusu Xarkov və digər şəhərlərə də raket zərbələri endirib.

Xatirə SADİQ