Ukraynada döyüşmək arzusu gözündə qalan generala 5 il iş verildi
Rusiyalı general-mayor İvan Popov beş il müddətinə azadlıqdan məhrum olunub.
SAVASHMEDİA.az bu barədə Rusiya İstintaq Komitəsinin məlumatına istinadən xəbər verir.
Məlumata görə, o, xüsusilə külli miqdarda dələduzluq (Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) və vəzifə saxtakarlığında (CM-nin 292-ci maddəsinin 2-ci hissəsi) təqsirli bilinib. General-mayor cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
O, həmçinin 800 min rubl cərimə olunub və general rütbəsindən məhrum edilib.
Popovun vəkili Sergey Buynovski “RBC” telekanalına bildirib ki, müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcək. “Onun günahı yoxdur”, - deyə vəkil vurğulayıb.
General Popov 2023-cü ilin yayına qədər Cənub Hərbi Dairəsinin 58-ci Birləşmiş Silahlı Qüvvələrinin komandiri vəzifəsində çalışıb.
O, işdən çıxarılmasını ordudakı “yuxarı rəhbərliklə bağlı çətin vəziyyət”lə izah edib. Onun sözlərinə görə, o, “bütün problemli məsələlər barədə həmin rəhbərliyə danışıb.
2023-cü ilin yayında onun audio-müraciəti yayıldı. Həmin müraciətdə general silah çatışmazlığı, əsgərlərin kütləvi ölüm və yaralanmaları barədə rəhbərliyə hesabat verdiyindən, sonra vəzifədən uzaqlaşdırıldığından danışdı. O, 2024-cü ilin mayında həbs olundu.
Öz təqsirini boynuna almayan general hökmdən öncə Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Putinə müraciət etsə də, məhkəmə onu istintaq təcridxanasından azad etmədi.
Xatirə SADİQ