Kreml rublun çöküşünü iqtisadiyyatın etibarlılığı adlandırdı 

“Rusiya iqtisadiyyatında vəziyyət bütün dünyadan fərqli olaraq “etibarlı” və sakitdir”. 

Sep 12, 2025 - 13:24
Kreml rublun çöküşünü iqtisadiyyatın etibarlılığı adlandırdı 

SAVASHMEDİA.az “The Moscow Times” nəşrinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rublun 2022-ci ildən bəri ən uzunmüddətli enişindən, avronun məzənnəsi 100 rublu keçdikdən və Rusiya iqtisadiyyatı texniki tənəzzülə məruz qaldıqdan sonra bildirib.

“Bütövlükdə, qlobal iqtisadiyyatda vəziyyətin kifayət qədər təlatümlü olmasına baxmayaraq, makroiqtisadi vəziyyət sakit, etibarlı, proqnozlaşdırıla bilən olaraq qalmaqda davam edir”, - deyə Peskov bildirib.

Valyuta bazarındakı vəziyyəti şərh edərkən Peskov əlavə edib ki, “dolların məzənnəsini hesablamaq Kremlin səlahiyyətinə aid deyil”. 

Peskovun sözlərinə görə, rublun ucuzlaşması “tamamilə bazar prosesləridir” və məzənnənin necə olmasından asılı olmayaraq, həmişə narazı qalanlar tapılacaq.

“Prezident dəfələrlə bildirib ki, hər bir vəziyyətdə bəzən ixracatçılar bəyənir, idxalçılar bəyənmir, bəzən isə əksinə”, - “İnterfaks” Peskovun sözlərini sitat gətirib.

Nəşr qeyd edib ki, cümə axşamı rubl Moskva birjasında və birjadankənar bazarda ardıcıl səkkizinci gündür bir neçə ayın minimumunu vurub. Dolların məzənnəsi 85,91 rubla (aprelin 10-dan bəri rekord), yuanın məzənnəsi 12,05 rubla (martın 10-dan rekord), avronun məzənnəsi isə fevraldan bəri ilk dəfə üçrəqəmli olub, 100,38 rubla çatıb.

VEB-in baş iqtisadçısı Andrey Klepaç avqustun sonunda bildirib ki, rübdən rübə iqtisadiyyat yanvar-mart aylarında, sonra isə aprel-iyun aylarında - hər dəfə 0,6% azalıb. İki rüb üçün ardıcıl belə azalma (əvvəlki 3 aylıq dövrlə müqayisədə) “texniki tənəzzül” hesab olunur.

Xatirə SADİQ