Kreml Vaşinqtonu biznes layihələri ilə şirnikləndirmək istəyir
Rusiyanın iri şirkətləri, o cümlədən dövlət şirkətləri Kremldən ABŞ ilə əməkdaşlıq üçün təkliflər hazırlamaq üçün göstərişlər alıblar.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Moscow Times” yazıb.
Nəşrin mənbələrinin fikrincə, Donald Trampı təkcə Ukraynada atəşkəs deyil, həm də təsir dairələrinin yenidən bölüşdürülməsini əhatə edən genişformatlı “sövdələşməyə” cəlb edəcək “qarmaqlar” tapmaq onların qarşısına vəzifə kimi qoyulub.
“Hökumətdə, nazirliklərdə və korporasiyalarda, o cümlədən gecə və həftə sonları, iş tam sürətlə gedirdi: əsas iqtisadi sektorlar üçün təkliflər hazırlanırdı. “Rosatom” və “Rosneft” öz təşəbbüslərini bölüşdülər. “Polyus Zoloto” qızıl yataqları haqqında yeni məlumatları Kremlə təqdim etdi. “Rusal” və digər strukturlar işə qoşuldu”, - deyə hazırda məmur işləyən mənbə “The Moscow Times”a danışıb.
Onun sözlərinə görə, səylərin əlaqələndiriciləri arasında Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin, prezidentin xüsusi nümayəndəsi, həmçinin Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev də var.
Hazırda çalışan yüksək rütbəli rus diplomatı isə xatırladıb ki, vaxtilə SSRİ ABŞ ilə danışıqlarda oxşar taktikadan istifadə edirdi və bu, “qoşma” adlandırılırdı: “Siz bizə taxıl verirsiniz, biz isə Latın Amerikasında radikalların sayını azaldırıq”.
O, qeyd edib ki, əgər masada çoxlu məsələlər varsa, güzəştləri tapmaq və asimmetriyaları kompensasiya etmək daha asandır.
“The Moscow Times” hesab edir ki, iddialı planlarına baxmayaraq, Kremldə başa düşürlər ki, Rusiyanın ABŞ ilə danışıqları üçün real iqtisadi “kozırlar” çox deyil. Hətta ən yaxşı illərdə Rusiya-Amerika ticarət dövriyyəsi ildə 45 milyard dolları çətinliklə keçib. 2023-cü ildə isə o 3,5 milyard dollara düşüb, 1992-ci ildən bəri ən minimal səviyyədir.
Bu gün Moskva ABŞ-yə yalnız məhdud sayda resurs təklif edə bilər: təyyarə istehsalı üçün titan, nüvə enerjisi üçün uran və Körfəz sahilindəki bəzi ABŞ neft emalı zavodlarına lazım olan ağır neft. “Bu, ABŞ-nin ticarət balansını xilas etməyəcək və buna görə də Tramp üçün heç bir dəyəri yoxdur”, - deyə mənbələrdən biri vurğulayıb.
Rusiya yüksək texnologiyalı elektronika və silahların istehsalı üçün zəruri olan nadir torpaq metallarının əsas tədarükçüsü olaraq qalsa da, mənbələr etiraf edirlər ki, bu resurslarla böyük siyasi güzəştlər uğrunda “alver etmək” mümkün deyil.
Kremlə yaxın mənbə bildirib ki, Moskva şəhərində 150 mərtəbəli “Trump Tower” göydələninin tikintisi kimi rəmzi təşəbbüslər də müzakirə edilib. Hazırkı m\murlardan biri bildirib ki, bu layihəni tez vaxtda işə salmaq, Trampın iştirakı ilə təməlqoyma keçirmək olar və Moskva meriyası onu öz üzərinə götürməkdən məmnun olardı.
“Burada vacib olan sürət, effekt və tamaşadır – Trampın intuitiv olaraq qiymətləndirdiyi hər şey”, - deyə Kremlə yaxın mənbə vurğulayıb.
Nəşr xatırladıb ki, rusiyalı diplomatlar ABŞ-yə iqtisadi təkliflərinin ilk paketini fevralın 18-də Səudiyyə Ərəbistanında təklif ediblər.
Bir həftə sonra Vladimir Putin özü Vaşinqtona nadir torpaq metallarını birgə hasil etməyi təklif edib. O, həmçinin ABŞ-nin Şərqi Sibirdə su elektrik stansiyasının tikintisini əhatə edən energetika və metallurgiya kompleksi layihəsinə sərmayə qoymasını təklif edib. Putin bildirib ki, layihə 15 milyard dollara başa gələcək.
Qeyd edək ki, bu yaxınlarda prezident Donald Tramp dünya liderlərini və dünya biznesini Amerikaya yatırım etməyə, onun vətənində tikinti-quruculuq işləri aparmağa çağırıb. O, bildirib ki, bu yolla həmin ölkələr yüksək tariflərdən azad oluna bilər.
Xatirə SADİQ