“Krım hökuməti”nin serveri sındırıldı - Ukrayna kəşfiyyatı
Ukrayna kəşfiyyatı “Krım hökuməti”nin serverlərini sındıraraq ukraynalı uşaqların təcavüzkar ölkə Rusiyaya zorla aparılmasına dair yeni sübutlar əldə edib.
SAVASHMEDİA.az ukraynalı jurnalist Dmitri Qordonun telegram kanalına istinadən xəbər verir ki, bu barədə iyulun 30-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumatda deyilir ki, bu resurslarda uşaqların müvəqqəti olaraq Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərindən zorakı deportasiyasını təsdiqləyən sənədlər saxlanılıb.
Baş Kəşfiyyat İdarəsinin mütəxəssisləri xüsusilə də ölkədən çıxarılmış uşaqların bir neçə min siyahısını, yiyəsiz qalaraq oğurlanmış uşaqların xarakteristikasını, Rusiya vətəndaşları arasında aparılmış yetim uşaqlara yeni qəyyumların təyin edilməsi ilə bağlı qeyri-qanuni qərarları, oğurlanmış ukraynalı uşaqlar üçün yeni yaşayış və məskunlaşma yerlərinin ünvanlarını əldə ediblər.
“Rusiya Federasiyasının ən böyük hərbi cinayətlərindən biri – ukraynalı uşaqların oğurlanması ilə bağlı ədalət mühakiməsi üçün misilsiz məlumatları olan minlərlə fayl artıq hüquq-mühafizə orqanlarına ötürülüb. Onlar təhlil ediləcək və cinayət işinə əlavə olunacaq. Alınan məlumat oğurlanmış uşaqların tapılıb doğma torpaqlarına qaytarılmasına, həmçinin bu cinayətdə iştirak edənlərin cəzalandırılmasına imkan verəcək”, - deyə Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib.
Xatirə SADİQ