“Krokus”la bağlı məhkəmə prosesi qapalı keçiriləcək - Moskvada

Moskvadakı 2-ci Qərb Dairə Hərbi Məhkəməsi “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı ilə bağlı cinayət işinə qapalı iclasda baxılması barədə qərar qəbul edib. 

Aug 4, 2025 - 15:17
“Krokus”la bağlı məhkəmə prosesi qapalı keçiriləcək - Moskvada

SAVASHMEDİA.az bu barədə “Kommersant” nəşrinə istinadən xəbər verir. 

Bu qərarın qəbulundan öncə hakimlər təqsirləndirilən şəxslərin kimliyini müəyyən etmək üçün bir saat vaxt sərf ediblər. Məlum olub ki, onların hamısı orta təhsillidir. Məhkəmə zalında həmçinin 19-a yaxın vəkil, üç dildən tərcüməçi və 30-a yaxın zərərçəkmiş iştirak edib.

Prokuror Yevgeni Potapov məhkəmə iclasının bağlanması barədə vəsatət qaldırıb. O, bunu hüquq-mühafizə orqanlarının əməkdaşlarına “müttəhimlərin əlaltılarının təxribat törətmək niyyəti barədə” məlumatın daxil olması ilə izah edib. Bundan əlavə, iş materiallarında digər fiqurantlara qarşı istintaqa mane ola biləcək məxfi məlumatlar var. Ümumilikdə ittiham aktı 9000 səhifədən çoxdur.

120-dən çox zərərçəkmişin maraqlarını təmsil edən vəkil Lyudmila Ayvar prosesin qapalı keçirilməsinə qarşı çıxıb. O, yalnız məxfi məlumatlar qeyd olunan zaman dinləmənin bağlanmasını təklif edib. Digər vəkillər dövlət ittihamının vəsatətini dəstəkləyiblər.

Bu gün Moskva Şəhər Məhkəməsinin binasında işin dinlənilməsinə başlanıb. Onu üç hakimdən ibarət heyət keçirəcək. Cəmi altı təşkilat da daxil olmaqla, iş üzrə 2,4 min zərərçəkmiş elan edilib. İş üzrə iddiaların məbləği 65,7 milyon rublu ötüb.

Xatirə SADİQ