Eldar Şengelaya vəfat etdi

Sovet dövrünün tanınmış gürcü kinorejissoru Eldar Şengelaya ömrünün 92-ci ilində dünyasını dəyişib.

Aug 4, 2025 - 15:08
Eldar Şengelaya vəfat etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Gürcüstanın Nato Vaçnadze Fondu məlumat yayıb.

“Eldar Şengelayanın vəfat etdiyini hüznlə elan edirik”, - deyə fondun “Facebook” səhifəsində yazılıb. 

Eldar Şengelaya Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (VQİK) rejissorluq fakültəsini bitirmişdi. O, kinoda ilk debütünü Aleksey Saxarovla birlikdə çəkdiyi “Buz ürək haqqında əfsanə” (1957) nağıl filmimdə etmişdi. 1958-1960-cı illərdə “Mosfilm” kinostudiyasında, 1960-cı ildən isə “Gürcüstan-film” kinostudiyasında rejissor işləyirdi.

Rejissor karyerası ərzində 10-dan çox film çəkib. Onların arasında “Ağ karvan” (1963), “Qeyri-adi sərgi” (1968), “Ekssentriklər” (1973), “Mavi dağlar, yoxsa gözlənilməz əhvalat” (1983), “Qafqaz üçlüyü” (2015) kimi filmlər olub. Eldar Şengelaya 1988-ci ildən xalq artisti olub. O, həm də ədəbiyyat, incəsənət və memarlıq üzrə SSRİ Dövlət Mükafatı laureatı (1985) olub.
  
Xatırladaq ki, “Qafqaz üçlüyü” filminin ssenarisini tanınmış Azərbaycan yazıçısı Rüstəm İbrahimbəyov yazmışdı. Filmi isə Eldar Şengelaya yazıçının oğlu Fuad İbrahimbəyovla birlikdə çəkmişdi. Bu film Azərbaycanda birmənalı qarşılanmamışdı. 

Xatirə SADİQ