Kuba 553 məhbusu azad edir – ABŞ ilə razılaşıb
ABŞ prezidenti Co Baydenin Kubanın terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarılacağı barədə Konqresə məlumat verməsindən bir neçə saat sonra Havana həbsxanalardan 553 məhbusun azad edildiyini açıqlayıb.
SAVASHMEDİA.az bu barədə “Azadlıq Radiosu”na istinadən xəbər verir.
Məlumata görə, azad edilən məhbuslar arasında 2021-ci ildə Kubada baş vermis etiraz aksiyalarının iştirakçıları da var.
Baydenin imzaladığı bəyanatda Kuba hökumətinin son altı ay ərzində beynəlxalq terrorizmə heç bir dəstək vermədiyinə və gələcəkdə beynəlxalq terrorizmi dəstəkləməyəcəyinə dair Vaşinqtona təminat verdiyinə diqqət cəlb olunub.
“France-Presse” agentliyi xəbər verir ki, Kubanın kommunist hökuməti Baydenin qərarını alqışlayıb, lakin ölkənin hələ də 1962-ci ildən qüvvədə olan ABŞ sanksiyaları altında qalmasından təəssüfləndiyini bildirib. Havana son onilliklərin ən pis iqtisadi böhranında Birləşmiş Ştatları günahlandırır – ölkədə ərzaq, dərman, elektrik və yanacaq çatışmır.
Bununla yanaşı, Havana 2021-ci ildə administrasiyası Kubanı yenidən terrorizmi himayə edən ölkələr siyahısına daxil edən ABŞ-nin seçilmiş prezidenti Donald Trampın inauqurasiyasından sonra vəziyyətin daha da pisləşəcəyini istisna etmir.
Xatırladaq ki, 2021-ci ilin iyulunda minlərlə kubalı elektrik kəsilməsi və ərzaq qiymətlərinin artması səbəbindən etiraz aksiyaları keçirdi. “Justicia 11J” hüquq- müdafiə təşkilatının məlumatına görə, 1500-dən çox etirazçı həbs edildi. Onlardan 600 nəfəri 2024-cü ilin dekabrına qədər həbsdə idi.
“Associated Press” yazıb ki, Vatikan da Kuba hökumətinin 553 məhbusu azad etmək qərarına müsbət təsir edib.
Xatirə SADİQ