“Linkləri “Whatsapp” qruplarında yayın, polis bilməsin” – “TOST” piramidası belə ifşa edilib
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirib.
Nazirliyin Mətbuat xidmətinin məlumatına görə, sosial şəbəkələrdə onlayn dələduzluq piramidası olan “TOST”a qarşı keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində piramidaya başçılıq edən şəxslərdən biri, 1981-ci il təvəllüdlü Namiq Cabbarzadə saxlanılıb. Digər şəxs, 1989-cu il təvəllüdlü Sahib Hüseynovun isə ölkə hüdudlarından kənarda olduğu müəyyən edildiyindən barəsində axtarış elan olunub.
SAVASHMEDİA.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında “TOST” dələduzluq piramidasının təşkilatçılarının ifşa olunması yönündə həyata keçirilmiş tədbirlərlə bağlı məlumat verib:
“Yatırım edən şəxslərdən tələbləri var idi: piramidanın linklərini “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə qruplarda yayın, ancaq çalışın polis bilməsin. Məqsəd daha çox qurban cəlb etmək olub. 5000000 manat talayıblar. İstintaq gedir”.
Müəyyən edilib ki, N.Cabbarzadə və S.Hüseynov “TOST”a yatırım edən şəxslərə guya onların pul vəsaitləri hesabına süni intellekt vasitəsilə elektron birjada kriptovalyuta alqı-satqısı həyata keçirildiyini və nəticədə yüksək faizli qazanc əldə edəcəkləri barədə şirnikləndirici vədlər veriblər. Piramidaya daxil olan şəxslərdə inam yaratmaq və digərlərini də bu platformaya qoşmaq məqsədilə ilk dövrlərdə zərərçəkənlərə kiçik simvolik məbləğlərdə pullar əldə etmək üçün şərait yaradılıb, faizlərin vaxtında ödənildiyi, eləcə də özlərinin “TOST”dan qazandıqları gəlirlər hesabına lüks həyat tərzi keçirdikləri barədə reklam xarakterli paylaşımlar edilib.
Müxtəlif üsullarla “TOST”a cəlb edilən şəxslərin ödənişləri hesabına N.Cabbarzadə və S.Hüseynov zərəçəkənlərin 5 milyon manata yaxın pul vəsaitlərini ələ keçiriblər. Həmin vəsaitlər isə dəstə başçıları tərəfindən kriptovalyuta formasına çevrildikdən sonra elektron pul kisələrinə köçürülüb.
N.Cabbarzadənin ünvanına baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən maddi və elektron sübutlar aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. N.Cabbarzadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dələduzluq piramidasında iştirak edən digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Sonda qeyd edək ki, “TOST” dələduzluq piramidası vasitəsilə zərərçəkən vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər.