Makronla İvanişvilinin telefon söhbətində gizlədilən mesaj
Fransa prezidenti Emmanuel Makron “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili ilə telefon söhbətində Gürcüstanda baş verənləri pisləyib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu, Makron administrasiyasının yaydığı məlumatdan sonra bəlli olub.
Məlumata görə, Fransa lideri gürcü oliqarxını avropapərəst mitinqdə saxlanılan vətəndaşları azad etməyə çağırıb. O, həmçinin polis zorakılığını pisləyib.
Makron bir daha “Gürcü Arzusu” partiyasının Avropa kursundan geri çəkilməsindən təəssüfləndiyini bildirib.
“Fransa prezidenti əmin olduğunu bildirib ki, mövcud olan və ya qəbul ediləcək istiqamətlər mütləq şəkildə Avropa İttifaqı ilə Gürcüstan münasibətlərinə təsir edəcək. O, bütün siyasi qruplar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə inklüziv dialoqa çağırıb, gürcü xalqının Avropa və demokratik istəklərinə hörmətlə yanaşaraq, gürcü xalqının arzularını bir daha alqışlayıb”, - Makron administrasiyasının bəyanatında deyilir.
Gürcüstan mediası nəzərə çatdırıb ki, “Gürcü Arzusu” partiyasının bu hadisə ilə bağlı yaydığı xəbərdə Fransa prezidentinin etiraz aksiyalarında saxlanılan Gürcüstan vətəndaşlarının azad edilməsini tələb etdiyi və polis zorakılığını pislədiyi qeyd olunmayıb.
Xatirə SADİQ