Makronun yolverilməz ifadəsinə görə səfir Haiti XİN-ə çağırıldı
Haitinin Xarici İşlər Nazirliyi (XİN) Fransa prezidenti Makronun yolverilnməz ifadəsinə etiraz məqsədilə bu ölkənin səfiri Antuan Mişonu idarəyə çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “France-24” məlumat yayıb.
Məlum olub ki, Rio-de-Janeyroda keçirilən G20 sammiti çərçivəsində Makron kiminləsə söhbət edərkən Haitinin keçmiş baş naziri Ariel Henrini istefaya məcbur edənləri “tam axmaqlar” adlandırıb.
“France24”-ün yayımladığı görüntülərdə Makronun bir nəfər şəxslə danışdığı görünür. Həmin şəxs Makronun və Fransanın Haitidəki vəziyyətə məsuliyyət daşıdığını vurğulayır.
“Onlar tam axmaqdırlar, onu (Henrini – red) işdən çıxarmamalıydılar. O, əla baş nazir idi”, - deyə Makron cavab verir.
Henri 2024-cü ilin martında keçid prezident şurası yaradıldıqdan sonra istefa verməyə razılaşıb.
Haiti hakimiyyəti dəfələrlə Fransanı müstəmləkəçilik siyasəti ilə bu ölkəyə vurduğu zərəri ödəməyə çağırıb. Ölkə 1804-cü ildə Fransadan müstəqilliyini elan edib. 1825-ci ildə Haiti müstəqilliyinin Fransa tərəfindən tanıması üçün Parisə iri fidyə ödəməli olub. Bu maliyyə fədakarlığı Karib hövzəsi dövlətini yoxsulluğun çıxılmaz vəziyyətinə gətirib çıxarıb.
Xatirə SADİQ