Maskın əlindəki “Epşteyn faylları” nədir, Tramp niyə qorxur? - QANDONDURAN DETALLAR 

Son günlər dünya gündəminin əsas mövzularından biri köhnə dostlar – Donald Tramp və İlon Maskın söz düellosudur. 

Jun 6, 2025 - 21:41
Jun 6, 2025 - 22:02
Maskın əlindəki “Epşteyn faylları” nədir, Tramp niyə qorxur? - QANDONDURAN DETALLAR 

SAVASHMEDİA.az xəbər verir ki, aylardır İlon Maskla Donald Tramp arasında fikir ayrılılığının olduğu yazılırdı. 

Köhnə dostları düşmənə çevirən söz davasının müqəddiməsinin necə olduğu tam olaraq bilinməsə də, məsələni kluminasiyaya çatdıran xronologiya belə idi:

İlon Maskın siyasətdən gedəcəyi ilə bağlı xəbərlər yayıldı, iş adamı bu xəbəri doğruladı, Oval kabinetdə Trampla sonuncu toplantıya gözünün altı göy halda qatıldı, jurnalistlərin suallarını cavablandırdı.

Təbii ki,  Maskın siyasətlə əlaqəsinin burada bitəcəyini düşünənlər az deyildi. Bundan sonra Maskın narkotik aludəsi olduğu, hökumətin iclaslarına belə yüksək dozada narkotik qəbul edərək gəldiyi və buna görə siyasətdən uzaqlaşdırıldığına dair xəbərlər yayılmağa başladı. Bu xəbərlərdən bir neçə gün sonra iş adamı Trampın vergi qanunu layihəsini sərt tənqid edərək “iyrənc” adlandırdı. 

Tramp cavabında qanun layihəsindən Maskın da xəbərinin olduğunu, indi niyə belə bir reaksiya verdiyini anlaya bilmədiyini qeyd etdi. İş adamı isə Trampı “yalançı” adlandıraraq qanun layihəsini görmədiyini, layihənin tez-tələsik qəbul edildiyini yazdı. Daha sonra açıqlama verən Tramp Maskın ondan niyə incidiyinə aydınlıq gətirdi. 

ABŞ prezidenti bildirdi ki, Maskı ondan narazı salan heç kimə lazım olmayan elektrik avtomobillərini (Tesla-red) almağa məcbur edən əmri ləğv etməsi olub. Bu açıqlamadan sonra Mask Trampın impiçmentini tələb etdi və onu Ceyms Devid Vensin (ABŞ-nin vitse prezidenti) əvəz etməsi fikrini dəstəklədi. Həmin ərəfədə Trampın keçmiş baş müşaviri Stive Bennon Maskın ölkədən deportasiyasını təklif etdi və narkotik istifadəsi ilə bağlı araşdırma aparılmasının vacibliyini vurğuladı. Mask isə Donald Trampın 1992-ci ildə qadınların əhatəsində çılğınca rəqs etdiyi videosunu yaydı. 

Fotoda: Tramp, Mask və Epşteyn

Hətta bununla da kifayətlənməyib Trampı pedofil adlandırdı və özünün təbirincə desək, “böyük bomba”nı - "Epşteyn faylları"nı - Ağ Evə tolazlamaqdan da çəkinmədi. Qalmaqallı “Epşteyn dosyesi”nin ictimaiyyətə açıqlanmamasının səbəbini həmin cinayət işində Trampın adının da olması ilə əlaqələndirdi. Maskın ard-arda atdığı “bombalar” ABŞ liderini hələ ki susqunluğa bürüyüb.

Söz düellosunda qalib iş adamı İlon Mask kimi görünür. Politoloqlar bu üstünlüyün səbəbini Maskın əlindəki böyük məlumat bazası ilə əlaqələndirirlər. Mütəxəssislərə görə, Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamenti (DOGE) aradan keçən müddət ərzində federal strukturlara daxil olaraq onların informasiya bazasını kopyalayıb. Hazırda həmin böyük baza (big data) Maskın səlahiyyətindədir.

Mask-Tramp davasının necə nəticələnəcəyi bilinməsə də, iş adamının ABŞ liderini pedofil adlandırması və “Epşteyn dosyesi”ni ortaya atması çox ciddi məsələdir. 

Bəs Donald Trampı susqunluğa qərq edən “Epşteyn faylları” nədir?

Cefri Eduard Epşteyn

Cefri Epşteyn 1953-cü ilin 20 yanvarında ABŞ-nin Nyu-York şəhərində yəhudi ailəsində anadan olub. Əmək fəaliyyətinə müəllim kimi başlayıb, daha sonra bank və maliyyə sektorunda müxtəlif vəzifələrdə çalışıb.

Tez zamanda varlanıb və sözü keçən iş adamına çevrilib. O, Stiven Hokinq (alim,fizik), Bill Klinton (ABŞ-nin keçmiş prezidenti,siyasətçi),  Donald Tramp, Kevin Speysi (aktyor və rejissor), Alan Derşovits  (hüquqşünas,professor), York Hersoqu Şahzadə Endryu (Britaniya kraliçası II Elizabetin oğlu) kimi məşhur şəxslərlə dost olub. Lakin dünya onu aralarında yetkinlik yaşına çatmayan qızlar da daxil olmaqla, çoxlu insana qarşı cinsi zorakılıq etməsi və seks xidməti şəbəkəsinin rəhbəri kimi tanıyıb. 

Fotoda: Cefri Epşteyn

Polis Epşteynlə bağlı araşdırmaya ilk dəfə 2005-ci ildə başlayıb. Buna səbəb onun “Palm Beach” Floridada 14 yaşlı bir lisey şagirdinə pul qarşılığında erotik masaj təklif etməsi olub. 2006-ci ildə pedofiliya ittihamı ilə saxlanılıb. 2008-ci ildə ona 18 yaşdan kiçik iki qızı cinsi istismar etdiyinə görə hökm oxunub. 

13 ay həbsdə qaldıqdan sonra 2009-cu ildə azad edilib. Dünya ictimaiyyəti onu 2019-cu ildə azyaşlılara təcavüz və seks xidmətinin təşkili ilə ittiham olunanda tanıyıb. Epşteyn 6 iyul 2019-cu ildə həbsə atılıb. 10 avqust 2019-cu ildə 66 yaşında həbsxanada intihar edib. 

Epşteynin intiharından sonra vəkilləri onun öldürüldüyünü iddia etsələr də, tibbi ekspertiza intihar olduğunu bildirib. Epşteynə azyaşlı qızları tədarük etməkdə və qadın alverində kömək edən, sevgilisi Qisleyn Maksvel 2020-ci ildə həbs edilib.

Fotoda: Qisleyn Maksvel

“Epşteyn faylları”

“Epşteyn işi” ilə bağlı sənədlər ilk vaxtlarda gizli saxlanılıb. Məhkəmə sənədlərinin 2 min səhifəsi 2019-cu ildə məxfilikdən çıxarılıb. 2020, 2021 və 2022-ci illərdə sənədlərə əlavələr edilib.

Cinayət işinin 2024-cü ildə açıqlanan sənədlərinə yeniyetmə qurbanlardan olan Virciniya Cuffrenin 2015-ci ildə Epşteyn və sevgilisi Qisleynə qarşı qaldırdığı iddianın bir hissəsi daxildir. 

Fotoda: Virciniya Cuffre

Cuffre iddia edir ki, Epşteyn onu öz çevrəsindəki məşhur kişilərlə, o cümlədən Britaniya kral ailəsinin şahzadəsi Endryu ilə cinsi əlaqəyə girməyə məcbur edib. Cuffre şahzadə Endryuya qarşı da məhkəmə iddiası qaldırıb. Şahzadə əvvəlcə ittihamları rədd etsə də, daha sonra ittihamı geri çəkmək müqabilində milyonlarla dollar təklif edib. 

Fotoda: Virciniya Cuffre və şahzadə Endryu

İngiltərə mətbuatının yazdığına görə Endryu Cuffreyə 12,2 milyon sterlinq (təxminən 14,4 milyon avro) ödəyib. Məbləğin 2,3 milyon sterlinqini şəxsən kraliça II Elizabet özü qarşılayıb. Lakin kraliça bu məsələdən sonra kral ailəsini təmsil etmək hüququnu Endryunun əlindən alıb və onu bütün titullarından məhrum edib. Cuffrenin taleyi bundan sonra da gətirməyib. O, bu il aprelin 26-da Qərbi Avstraliyadakı bağ evində ölü tapılıb. Cuffrenin intihar etdiyi bildirilib.

Fotoda: Şahzadə Endryu

Cinayət işinin məxfilikdən çıxarılan səhifələrinə müxtəlif məhkəmə sənədləri, elektron məktublar, polis hesabatları, hökumət sənədləri, işin əsas fiqurlarının, o cümlədən keçmiş işçilər, Epşteyn və Maksvellin qurbanları, həmçinin polis məmurlarının ifadələri daxildir. 

Epşteynin cinayət adaları

Açıqlanan sənədlərdə cinayətlərin baş verdiyi yerlərin adları da çəkilir. Sənədlərə görə, qurbanlar müxtəlif yerlərə, o cümlədən Nyu Yorkdakı malikanəyə, “Palm Beach”dəki villaya, Virgin Adalarındakı şəxsi adaya və Santa Fe yaxınlığındakı bağ evinə, bəzi şahidlərin "pedofiliya adaları" adlandırdıqları və Epşteynin seks alveri şəbəkəsinin mərkəzi olduğu iddia edilən Karib dənizindəki Kiçik və Böyük Sent Ceyms adalarına aparılıblar.

Fotoda: Epşteynin Kiçik Sent Ceyms adasındakı malikanəsi 

“Epşteyn faylları”nda adı keçən məşhurlar

Cinayət işində şahzadə Endryu ilə yanaşı Epşteynin dostları olan Donald Trampın, Bill Klintonun, Maykl Ceksonun adı var. Bu il açıqlanan materiallara görə isə Donald Trampın qızı İvanka Tramp, Toni Bleyer (İngiltərənin sabiq Baş naziri), Naomi Kempbel (britaniyalı supermodel və aktrisa), Riçard Branson (britaniyalı sahibkar), Devid Bleyn (amerikalı sehrbaz), Alek Bolduin (ABŞ-li məşhur aktyor) və Maykl Blumberqin (iş adamı, siyasətçi, "Bloomberg L.P"-nin sahibi) də cinayət işində adı keçir.

Bəzilərinə görə sözügedən məşhurların adlarının cinayət işində keçməsi heç də onların Epşteynin cinayət ortaqları və seks xidmətinin müştəriləri olduğu mənasına gəlmir. Lakin Virciniya Cuffrenin şahzadə Endryu ilə bağlı iddiaları, kral ailəsinin iddialarını geri çəkməsi üçün ona pul ödəməsi şübhələrə səbəb olur.

Alim, fizik Stiven Hokinq

“The Independent” nəşri Stiven Hokinqin 2006-cı ildə Epşteynin şəxsi adasında keçirilən və qonaqları azyaşlı qızların əyləndirdiyi tədbirin qonaqlarından biri olduğunu yazıb. Bununla bağlı əsas kimi Epşteynin sevgilisi və ortağı Qisleynə yazdığı mesaj göstərilir. Mesajda Epşteyn Qisleyndən pulla Stiven Hokinqin azyaşlı qızla cinsi əlaqədə olduğunu yalanlayacaq adam tapmasını istəyib.

Fotoda: Stiven Hokinq

Donald Tramp

Epşteynin qurbanlarından olan Yohanna Soberq Trampla cinsi əlaqədə olmadığını və ona erotik masaj etmədiyini bildirib. Lakin Epşteynin Virciniya Cuffreni Donald Trampın qumarxanalarından birinə apardığını bildirib.

Fotoda: Donald Tramp

Bill Klinton

Qurban Yohanna Soberq istintaqın gedişində Bill Klintonla bağlı sualları da cavablandırıb. O bildirib ki, Bill Klintonla cinsi əlaqədə olmayıb. Lakin Epşteyn ona Klintonun gənc qızları bəyəndiyini deyib.
Virciniya Cuffre isə bildirib ki, Bill Klintonla Epşteyn çox yaxın dost olublar. Hətta Klinton “VF” nəşrini  (Vanity Fair) dostu Epşteynin seks biznesindən yazmaması üçün təhdid edib.

Fotoda: Bill Klinton

Hadisələrin şahidi olmuş Sarah Ransom qəzetlərdən birinə göndərdiyi mesajda Epşteynin əlində Bill Klinton və şahzadə Endryunun seks kasetlərinin olduğunu və onları gördüyünü bildirib.

Maykl Cekson, Keyt Blanşett, Bryus Uilles, Leonardo Di Kaprio, Kemeron Dias

Soberq Maykl Ceksonu bir neçə dəfə Epşteynin malikanəsində gördüyünü bildirib. “Onunla cinsi əlaqədə olumusanmı və ya masaj etmisənmi?” sualına isə “Mən etməmişəm” cavabını verib. Keyt Blanşett, Bryus Uilles, Leonardo Di Kaprio və Kemeron Diasın adlarını isə Epşteynin telefon danışıqlarında eşitdiyini bildirib.

Devid Koperfild 

Soberq sehrbaz Devid Koperfildin Epşteynin evindəki yeməyə qatıldığını və orada sehrbazlıq nümunələri göstərdiyini bildirib.

Fotoda: Devid Koperfild

Adları çəkilən digər şəxslərin cinayət işində necə iştirakı ilə bağlı detallar hələ də açıqlanmayıb. Lakin “Epşteyn işi”ni işini yaxından izləyən mütəxəssislərin fikrincə, açıqlanan sənədlər də tam deyil, gizlədilən faktlar yetərincədir...

Vəsilə İbrahim