Putini və ailəsini qoruyan elit xidmət böyüdü - Yeni mühafizəçilər cəlb olundu
Rusiya prezidenti Vladimir Putin ölkənin ən elit təhlükəsizlik qurumlarından olan Federal Mühafizə Xidməti (FSO) mərkəzi aparatının ştat sayını növbəti dəfə artırıb.
SAVASHMEDİA.az xəbər verir ki, Putinin imzaladığı yeni qərarla FSO-nun mərkəzi aparatında hərbi və mülki əməkdaşların maksimal sayı 785 nəfərdən 812 nəfərə yüksəldilib. Qərar iyulun 1-dən qüvvəyə minib.
Bu, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləyə başladığı 2022-ci ildən bəri Putinin FSO-nun mərkəzi aparatını dördüncü dəfə genişləndirməsidir. Maraqlıdır ki, müharibədən əvvəl təxminən 13 il ərzində bu qurumun ştat sayı demək olar ki, dəyişdirilməmişdi.
FSO Rusiyada prezidentin, onun ailəsinin və digər yüksək vəzifəli dövlət rəsmilərinin mühafizəsinə cavabdeh olan xüsusi xidmətdir. Qurumun əməkdaşları Putinin iqamətgahlarını qoruyur, ölkədaxili və xarici səfərlərində onu müşayiət edir. Bundan başqa, FSO xüsusi rabitə sistemləri və dövlət rəhbərliyinin təhlükəsizliyi ilə bağlı digər funksiyaları da yerinə yetirir.
Qərar beynəlxalq mediada Putinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar fonunda geniş müzakirə olunur. Bəzi nəşrlər bunu prezidentin mümkün təhlükələrə qarşı ehtiyat tədbirlərini gücləndirməsi kimi qiymətləndirsə də, Kreml ştat artımı ilə bağlı rəsmi izahat verməyib.
Qeyd edək ki, son illərdə Putinin təhlükəsizlik tədbirləri xeyli sərtləşdirilib. Məlumatlara görə, FSO əməkdaşları üçün smartfon və digər internetə qoşulan cihazlardan istifadə ilə bağlı ciddi məhdudiyyətlər tətbiq olunub. Putinin iştirak etdiyi tədbirlərdə mühafizəçilərin bəzən mülki geyimdə və ya müxtəlif peşə sahibləri kimi gizli fəaliyyət göstərdiyi də bildirilir.
Oğuz